Fevralın 12-də, Bakı şəhərində – Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminə daxil olan Mərkəzi Kitabxanasında tanınmış yazıçı-publisist Qəni Camalzadə ilə ədəbi ictimaiyyətin nümayəndələri və gənc oxucuların növbəti görüşü keçirilib.
Xatırladaq ki, məhsuldar yazıçıyla respublikamızın bir sıra bölgələrində silsilə görüşlər təşkil olunur: Bakı, Lənkəran, Lerik, Suraxanı və başqa rayonlardan sonra keçirilən bu növbəti tədbir də Qəni Camalzadə yaradıcılığı ətrafında oxucular üçün əsl kitab, ədəbiyyat, bədii söz bayramına çevrilib.

Tədbirdə Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, istedadlı şair-publisist Ağacəfər Həsənli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Molla Nəsrəddin” jurnalının icraçı direktoru Hacı İlham Qurbanoğlu , şair Babulla Hüseynzadə, “Ekologiya” qəzetinin baş redaktoru, şair Şahin Həmidli, “Lerik” və “Azad təfəkkür” qəzetinin baş redaktoru, yazıçı-publisit İdris Şükürlü, tanınmış ziyalı, qazi atası Elçin İskəndərov, eləcə də Tahir Hacıyev adına 252 saylı məktəb-litseyin kimya fənni müəlliməsi Gülzar Əkbərovanın başçılığıyla bu nüfuzlu təhsil ocağının şagirdləri iştirak edirdilər.
Məlumat verildi ki, hələ tələbəkən ” Ədəbiyyat və incəsənət” qəzeti , “Kirpi”, “Ulduz”, “Azərbaycan” kimi məşhur jurnallarında dərc olunan, dövri mətbuatda duzlu-məzəli yazıları ilə özünü yumoristik hekayələr müəllifi kimi tanıdan, son illərdə oxunaqlı romanları ilə, Azərbaycanda və xaricdə nəşr olunmuş, xarici dillərə çevrilmiş kitabları ilə ədəbi prosesdə fəallığı ilə seçilən Qəni Camalzadə həm də Qarabağ müharibəsi veteranıdır.

Çıxış edənlər onu da bildirdilər ki, fəal ədəbi yaradıcılığı ilə yanaşı, Qəni Camalzadə televiziya kanallarında vaxtaşırı çıxış edən nüfuzlu ekspert, özünəməxsüs mövqeyi olan ziyalı, düşüncə adamı kimi də xüsusi fərqlənir.
Söz alan yazıçı yaradıcı yolu, əsərləri, ziyalı mövqeyi haqqında danışdı, onu düşündürən məsələlər ətrafında fikirlərini bölüşdü.
Qonaqların çıxışlarından sonra şagirdlər yazıçıya oxuduqları əsərlərindən suallar ünvanladılar, maraqlı ədəbi müzakirədə iştirak etdilər.
Sonda o da bildirildi ki, bu cür görüşlərə xüsusi ehtiyac olduğundan davamlı olaraq yazıçılarımızın oxucularla yaxından təmasına xidmət edəcək layihələr həyata keçirilməli, ədəbiyyatımızın, mənəviyyatımızın, kitabımızın, bədii sözümüzün, intellektimizin inkişaflına təkan verəcək tədbirlər reallaşdırılmalıdır. MM.az