Hüseynova Ziba Sevindik qızı 26 İyun 1968-ci ildə Yevlax rayonun Qoyunbinəsi kəndində anadan olub.
İlk ibtidai təhsilini 1975-ci ildə doğulduğu kənd orta məktəbində almışdır.
1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, bir çox fəxri fərman və tərifnamələrlə təltif olunmuşdur. Ziba xanımın muğam sənətinə olan həvəsi onu Bakı şəhərinə gətirir. O, burda Adil İsgəndərov adına musiqi məktəbində muğamın sirlərinə dərindən bələd olan Respublikanın Əməkdar artisti İsmayıl Ələkbərovdan dərs almışdır. Ecazkar muğamların mahir ifaçısı olduğuna görə həmin məktəbin fəxri diplomuna layiq görülmüşdür. Respublikada keçirilən dövlət tədbirlərində, uşaq evləri və qocalar evlərində ,o cümlədən, hərbi hissələrdə keçirilən möhtəşəm konsert tədbirlərində iştirak etmiş, saysız-hesabsız sayda diplomların sahibi olmuşdur.
Türkiyənin Adana, Sivas, İzmir şəhərlərində ədəbi-musiqili tədbirlərin iştirakçısı olmuşdur. Ölkəmizdən kənarda da bir sıra fəxri diplomlara layiq görülmüşdür. Türkiyənin Sivas şəhərində işıq üzü görmüş Antalogiya kitabında şeirləri çap olunmuşdur.
,,Mənim Vətənim” , ,,Bir Yandan boşalıb- dolan dünya” , ,,Xarı Bülbül” , ,,Aprel Döyüşləri”, ,,Könül Dastanı”, ,,Anasız- Atasız Dünya” , ,,Sevirəm, Sevmişəm Sevəcəyəm” , ,,Dünya Yalan Dünya “,
,,Ömür yollarında”, ,,Qarabağ həsrəti”,
,,Cahana Sığmazam I-Il hissə” ,,Zirvəyə doğru” ,, Dolub boşaldı dünya” , İlham çeşməsi ,, , ,,Buta” ,,Canım Azərbaycanım” ,,Təbriz-Bakı- El boxçası” ,,Dünyaya yayılsın anamın adı”, Sevənlərin dünyası” ,, Məktub” , ,, Ata”, ,, İlhamdan ilham aldıq”, ,,Qarabağ Azərbaycandır,” ,, Seçkin Şairlər-11″ Sabit İncenin ,,Türk ve Dünyanın Seçkin Şairleri “
antalogiya kitablarında, ,,Həkəri “qəzetində , ,,Uğurlu Yol “qəzetində , ,,Müstəqil Azərbaycan , ,,,,Yurd” Jurnalinda və bir çox qəzetlərdə şeirləri dərc olunmuşdur. Həmçinin,,Əsrin Ziyalıları” ensiklopediyası kitabında haqqında geniş məlumat və şeirlərindən nümunələr verilmişdir.
,, İstedad”, ,, Şöhrət “, ,, Dostluq Məşəli” , ,,ESİLTV.AZ “, ,,Məhsəti Şairlər Məclisi”, ,, Xocalı”, Türkiyənin ,, Sivas Yazarlar və Şairlər Dərnəyi “, ,,Çukorova Ədəbiyyatçılar Dərnəyi”nin, o cümlədən, Xalq TV-nin
,,İlhamlı Azərbaycan”, ,,Türkiye Müharip Gaziler Dernegi Hatay Şubesi Təşəkkürnamesi”,
QMİB-nin ,, Sazın- sözün butası”, İdeal Sülhün Təbliği Fondunun ,, Qalib Sultan” ,, Əsrin Ziyalıları” , AYTV-1 kanalının ,, İlin Ən Yaxşı Şair-müğənnisi”, ,,
Siyşad Katılım Belgesi”, ,,Sivas Yazarlar ve Şairler Dernegi Katılım Belgesi “, ,,Məhsəti Şairlər Məclisi İctimai Birliyinin İdarə Heyyətinin Qərarına Əsasən Xanəndə -Şairə Ziba Hüseynova Fəxri Diplom” , Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirdiyinə və Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə ,, Dünya Kriminalı” qəzetinin ,, İlin Yazarı”, fəxri diplomu, həmçinin,
,,Qızıl Qələm”,
,,Yurd” jurnalının
,,Cahana sığmazam” antologiyasındakı şeirlərə görə ,, Nəsimi poeziya diplomu”, KİV koordinasiyası və ,,Yurd” jurnalının birgə təşəbbüsü ilə keçirilən rəy sorğusuna əsasən, ,,İlin Nəğməkar Şairi” fəxri diplomuna layiq görülmüşdür.
,,Qafqaz Media İctimai Birliyi” tərəfindən ,, İlhamlı Azərbaycan”, həmçinin, 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə ,, Heydər Zirvəsi”, ,,Xarıbülbül”, ,, Vicdanlı Qələm” ,,Cəsarətli Qələm” medallarına layiq görülmüşdür.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan nəşriyyatında ,,Ocaq” qəzetində şöbə müdiri, ,,Yurd Jurnalında Mədəniyyət Şöbə Müdiri və ,,Yeni Xilaskar” qəzetində baş redaktor müavini vəzifəsində işləmişdir. Bir çox publisist məqalələrin müəllifidir. Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzinin üzvü və Mədəniyyət Şurası Sədrininin müavinidir.
Dövlət Filarmoniyasında, Gürcüstan, Türkiyə, Rusiya, İrandan gələn iştirakçılarla bərabər festifallarda çıxışına görə fəxri diplomlara layiq görülüb . Rəşid Behbudov adına Mahnı Teatrında Şəlalə ansambılı ilə uğurlu çıxışına görə Mahnı Teatrının fəxri diplomuna layiq görülüb.
,, Muğam mənim həyatımdır” ilk şeirlər kitabı 2018-ci ildə ,, Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüşdür.,,Mən Şair Olmazdım”, 2-ci şeirlər kitabı 2019-cu ildə, ,,Elm və Təhsil”nəşryatinda işıq üzü görmüşdür. Əsasən, sevgi şeirlərindən ibarət olan ,,Səni Düşünürəm”- adlı 3-cü kitabı, 2022 ci ildə ,Bakı, ,, İmza” nəşrlər evi nəşriyyatında çap olunmuşdur.,,Vətən Sevgisi ” 4-cü kitabı 10 May 2023 cü ildə,Bakı , ,,İmza nəşriyyatında çap olunmuşdur.
,,Şam işığı” və ,,Nur Ocağı” ədəbi birliyinin üzvdür. Adı çəkilən ədəbi birliklərin almanaxlarında da şeirləri işıq üzü görmüşdür.
10.02.2023-il tarixində Azərbaycan ədəbiyyatının poeziya və muğam sahəsində qazandığı uğurlara, vətənpərvərlik ideyalarının təbliğiə görə Azərbaycan respublikası ,, DZMAN” MMC-nin Fəxri Fərmanı ilə təltif edilmişdir
1990-cı ildə ailə həyatı quran Ziba xanım 2 qız, bir oğul anasıdır.
Həyat yoldaşı Elxan Hüseynov 14.08.2017-ci il tarixində haqq dünyasına qovuşmüşdur.
Ziba xanım ,, Qafqaz Media İctimai Birliyi”nin, Mədəniyyət şöbəsinin müdiri və ,,Dünya Krminalı ” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir.
QORUYAQ SAF EŞQİ…
Bir az insaf eylə, gəl mənə sarı,
Sil mənim könlümdən dərdi, qubarı.
Mənimlə hər arzu-diləkdən yarı,
Qoruyaq saf eşqi, saf məhəbbəti.
Uzaqdan ətrini alıram sənin,
Çox zaman dərdindən soluram sənin.
Mən dəli-divanən oluram sənin,
Qoruyaq saf eşqi, saf məhəbbəti.
Oxşayıb könlümü alasan mənim,
Təsəllim, pənahım olasan mənim.
Beləcə qayğıma qalasan mənim,
Qoruyaq saf eşqi, saf məhəbbəti.
Çox sevirəm, məni səni öz canımdan,
Zövq alıram hər sənli xoş anımdan.
Ziba deyir, getmə heç vaxt yanımdan,
Qoruyaq saf eşqi, saf məhəbbəti.
09.03.2024.
ÇATASAN YÜZ YAŞINA
Qızım Yeganənin ad gününə ithaf edirəm.
Qızılgültək ətirli,
Təzə-tər, çiçək qızım.
Gözəllərdən gözəlsən,
Camalı mələk qızım.
Sən ömrümə naxışsan,
Gül-çiçək çələngisən.
Həyatımın bəzəyi,
Al geyinmiş rəngisən.
Sən adıntək, özün də,
Dünyada yeganəsən.
Gözəllikdə yox tayın,
Gözümdə bir dənəsən.
Seçilirsən həmişə,
Boy-buxunda, biçimdə.
Çox şirin görünürsən,
Gözəl qızlar içində .
Gülüşün nə gözəldir,
Gül, sənə qurban olum.
Güldür məni ürəkdən,
Gəl, sənə qurban olum.
Tez gəl, öpüm üzündən,
Ürəyim aram olsun.
Könlüm sənə qovuşsun,
Həsrət mənə ram olsun!
Xətrinə çox dəydilər,
Qəlbini ağlatdılar.
Sənə ,,gəlmə”, dedilər.
Yolunu bağlatdılar.
Gözlərimdən uzaqda,
Dörd ilin belə bitdi.
Qürbət elə gedəndə,
Sevincim sənlə getdi.
Yad edirsən hər zaman,
Ağlayırsan atanı.
Unutmursan, ay qızım,
Əllərindən tutanı.
Eyni gündə doğuldun,
Şair Səməd Vurğunla.
Mübariz Mənsimovla,
Qeyrətli, ər oğlumla.
Muradına yetəsən,
Görüm, hər istək-arzun.
Sevincinə şərikəm,
Qoy ömrün olsun uzun.
Bu şeirimi duz kimi,
Gəl, çevirim başına.
Bədnəzərdən uzaq ol,
Çatasan yüz yaşına !
22.03.2021
Bayram axşamlarında.
Ürəklər deyib-gülür,
Üzlərdən nur tökülür.
Dərdin beli bükülür,
Bayram axşamlarında.
Könüllər abad olur,
Fərəhlənib şad olur.
Hər nemətdə dad olur,
Bayram axşamlarında.
Çöhrələrdən nur yağır,
Sevinc qəlbə hey axır.
Başlanır toy, çal-çağır,
Bayram axşamlarında
Zibanın budur sözü,
Gülsün hamının üzü.
Təbrik eyləyir sizi,
Bayram axşamlarında
31.12.2018.
ANA ÜRƏYİNİ SEVİNDİR, QIZIM
Gül-çiçək ətirli, yaz təravətli,
Bənövşə qoxulum, Yeganəm mənim.
Dilimin əzbəri, mələkmisallım,
Dastanım, nağılım, Yeganəm mənim.
Dərdimin dərmanı, can məlhəmimsən,
Dolannam başına, gündə yüz dəfə.
Nə vaxtdır, yolunu gözləyirəm mən,
Bir gün sal yolunu, anan tərəfə.
Gəl, qızım, elinə, yurduna qayıt,
Gəlinlik donunu geyinməyə gəl.
Sən də övlad böyüt, oğul-qız bəslə,
Arzuya yetməkçün sevinməyə gəl.
Ana ürəyini sevindir, qızım,
Bəzəyim adına toy xonçasını.
Ziba da ərməğan eyləsin sənə,
Xoş xeyir-dualı, söz boxçasını.
22.01.2020.
SALAM OLSUN
Aşıb-daşan dənizlərə,
Salam olsun, salam olsun!
Çox sevdiyim əzizlərə,
Salam olsun, salam olsun!
Nurdan doğan aya, günə,
Haqdan gələn səsə, ünə.
Çal-çağırlı toy-düyünə,
Salam olsun, salam olsun!
Sevincdolu xoş anlara,
Söz anlayıb qananlara,
Nur çöhrəli insanlara,
Salam olsun, salam olsun!
Aydın səma, göy üzünə,
Ana yurdun dağ- düzünə,
Nurlu gecəm, gündüzümə,
Salam olsun, salam olsun!
Şeir-qəzəl yazanlara,
Sözə inci düzənlərə,
Sazlı- sözlü ozanlara,
Salam olsun, salam olsun!
Söz qoşaq dağa, arana,
Sözümüzdən dürr yarana.
Hikmətdolu haqq ,,Quran”a,
Salam olsun, salam olsun!
Göy üzündə süzənlərə,
Nur içində üzənlərə,
Ruhu göydə gəzənlərə,
Salam olsun, salam olsun!
Bağda açan tər güllərə,
Nəğmə deyən bülbüllərə.
Könüllərdən-könüllərə,
Salam olsun, salam olsun!
Şair könlüm, yüz il yaşa,
Sür ömrünü, sözlə qoşa.
Neçə yaxın dost-sirdaşa,
Salam olsun, salam olsun!
Xalqım hər an büsat qura,
Mərd igidlər öndə dura.
Şuşa, Göyçə, Zəngəzura,
Salam olsun, salam olsun!
Gedək nurlu, xoş sabaha,
Qəm görməyək, bir də daha.
Ziba deyər, tək Allaha,
Salam olsun, salam olsun!
05.01.2023
Ziba Sevindik MuasirMedia.AZ