Əsədullayev Mais Əsəd oğlu (Mais Təmkin) 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində anadan olmuşdur.
Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur.
1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür.
“İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur.
“Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub.
Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”, ,,Zərrələr” almanaxlarında, o cümlədən , Türkiyədə işıq üzü görmüş,Dünya Türk ədəbiyyatı Antologiyası , Avrasiya şairlər Antologiyası, ,,Atəş-2016″ , Türk seçkin Ozan və Şairləri”, ,,Turana açılan könüllər” Sivas Yazarlar birliyinin ,, Şairlər seçkisi 11″ ,, Aprel döyüşlərinə həsr olunmuş ,, Aprel döyüşləri” ,Qarabağnamə 1-2- 3-ci cild” ,,Anasız, Atasız dünya”, ,,Sevmişəm sevəcəyəm” antologiyalarında və bir sıra nüfuzlu ,,Nyus.az, Analoq. az, Gündəlik informasiya agentliyi , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat, Zirvə İnformasiya Agentliyi kimi internet portallarında çap olunmuşdur.
“İlhamlı günlərin nəğməsi” kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür.
2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqənin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. 31 Mart soyqırımına həsr olunmuş ,,Əbədi xatirəyə ədəbi baxış” müsabiqəsinin qalibi olmuş və həmin müsabiqənin ,,Əsrin Ziyalıları” fəxri diplomuna layiq görülmüşdür. 2019 cu ildə AYTV kanalının keçirdiyi sorğuya görə ,, İlin şairi” elan olunmuş və xüsusi fəxri diplomla təltif olunmuşdur. Eyni zamanda , Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ,, Cahana sığmazam” almanaxında çap olunmuş şeirlərə görə ,, Nəsimi Poeziya Diplomu”na sahib olmuşdur!
2017-ci il Yanvar ayında Omedia.az saytının ,,Bir bənd şeir ” müsabiqəsi layihəsində uğurlu nəticə göstərərək, müsabiqədə l- yerin qalibi adını qazanmışdır.. ,,Qızıl qələm” və ,,İlhamlı günlərin nəğməsi” kitabına görə ,,Azərbaycan Bayrağı” media mükafatının laureatıdır. Sayca beşinci olan ,,Dağlardan boylanan ömür ” kitabı 2017-ci ildə ,, Elm və təhsil ” nəşriyyatında işıq üzü görmüşdür.
2020-ci ilin Yanvar ayında Qafqaz Media Birliyi tərəfindən ,,İlhamlı Azərbaycan” döş nişanına, 15 İyun Milli Qurtuluş günü münasibəti ilə ,,Heydər Zirvəsi” medalına , həmçinin, QMİB-nin təsis etdiyi ,, Xarı bülbül” medalına layıq görülmüşdür.
2016-cı ilin Oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2021- ci ilin May ayından Prezident Mükafatına layiq görülmüşdür.
Xanəndə – şairə dostum- Ziba xanımın əziz qızı Yeganə xanımın ad gününü
ailəmiz adından səmimi qəlbdən təbrik edir, ona həyatda xoşbəxt günlər arzulayıram!
Yeganə xanıma xoş arzularla
Arzuların ürəyində gül açsın,
Xoşbəxtlik qapını döysün həmişə.
Hər istəyin cuşa gəlib dil açsın,
Bu həyat üzünə gülsün həmişə.
Yaşa öz ömrünü sevinc içində,
Səndən gen dolansın hər ağrı-acı.
Gəlinlik donunu geyib əyninə,
Yarınla toyunda süzəsən, bacı.
Adın tək özün də yeganə ol ki,
Tayın-bərabərin olmasın heç vaxt.
Qoy səni şahzadə düşünsün hamı,
Şəninə şahanə qurulanda taxt.
Qoru , ismətini sən ömrün boyu,
Meyl etmə daş-qaşa, nə də altuna.
Qeyrətdə Nigara, Həcərə bənzə,
Dözümdə həmtay ol, Burla Xatuna.
Bu kiçik təbrik məndən qəbul et,
Qoy mən də özümü bir rahat sanım.
Qovuş vüsalına, arzu-kama yet,
Xoş günün mübarək, Yeganə xanım!
MƏN DÖZƏ BİLMİRƏM GÖZ YAŞLARINA
Tez düşür saçıma dən, ağlayanda,
Mən dözə bilmirəm, göz yaşlarına.
Mən də ağlayıram, sən ağlayanda,
Mən dözə bilmirəm göz yaşlarına.
Ağlamaq fikrindən gəl, bir az daşın,
Sevincə, şadlığa qarışsın başın.
İsladır yer-göyü acı göz yaşın,
Mən dözə bilmirəm göz yaşlarına.
,,Sənsiz həyat mənə çətin”, deyirsən,
,,Bülbültək mən necə ötüm?” deyirsən.
Özünə ,,kimsəsiz, yetim”, deyirsən,
Mən dözə bilmirəm göz yaşlarına.
Ağlatma çəməni, ağlatma dağı,
Qərq etmə sellərə bağçanı, bağı.
Soldurma gül kimi, o al yanağı,
Mən dözə bilmirəm göz yaşlarına.
Günbəgün qəlbimdə od qalayırsan,
Həsrəti könlümə hey calayırsan.
Didib ürəyimi parçalayırsan,
Mən dözə bilmirəm göz yaşlarına.
Arada deyirsən: ,, -Uzaq dur məndən,”
Ruh necə ayrılsın axı bədəndən?
Biləsən, ayrıla bilmirəm səndən,
Mən dözə bilmirəm göz yaşlarına.
Ruhumla, canımla hey sənə vardım,
Səninlə dərd-qəmi yerə yıxardım.
Səni ürəyimdən necə çıxardım?
Mən dözə bilmirəm göz yaşlarına.
Təmkini salma gəl-dərdə, ağlama,
Heç nədən durduğun yerdə, ağlama.
Sənə qurban olum, bir də ağlama,
Mən dözə bilmirəm göz yaşlarına.
QONAQ EYLƏ
Vurulmuşam xoş səsinə,
Həm zilinə, həm pəsinə.
Çağır məni məclisinə,
Şirin sözə qonaq eylə.
Sözə saldığım naxışa,
Qiymət verə, el axışa.
Təbbəssümlü xoş baxışa,
Gülər üzə qonaq eylə.
Gözlərimi yaşdan alan,
Məni qarlı qışdan alan,
Ağlımı tez başdan alan,
İşvə, naza qonaq eylə.
Qurban olum ürəyinə,
Sənin kimi gərəyimə.
Məni halal çörəyinə,
Halal duza qonaq eylə.
Ver, şairə üzündən maç,
Sevindirib, könlümü aç.
Ömrümə xoş ətrini saç,
Güllü yaza qonaq eylə.
Mən sözümdə sadiq, düzəm,
Heç rəvamı səni üzəm?
Oğrun-oğrun altdan süzən,
Qara gözə qonaq eylə.
Gözəllikdə tamam azım,
İlhamlanıb şeir yazım.
Dəlisiyəm telli sazın,
Məni saza qonaq eylə.
15.02.2024
Bu şeiri ,,Sözlü-nəğməli” dostlar qrpunun üzvü, gözəl psixoloq həmkarım-
Nərmin xanıma xoş arzularıımla ithaf edirəm.
Neçə vaxtdır qəlbimdən,
Səni vəsf etmək keçir.
Nəğmədolu sətirlər,
Bir-bir qəlbimə köçür.
Hərdən fikirləşirəm,
Öz-özümə deyirəm:
Sən axı sığmayırsan,
Yazdığım bir şeirə.
Nə ki sənə bir şeir,
Heç dastan da bəs etməz.
Nə qədər yazsam belə,
Bir ömür buna yetməz.
Üzündəki həya,ar
Zinətindi, nurundu.
Səni xalqa sevdirən,
Mərdliyin, qürurundu.
Hər insanın qəlbindən,
Keçənləri duyursan.
Nə yalan vəd, nə də ki,
Şirin sözə uyursan.
Sən insanı gözündən,
Tez oxuya bilirsən.
Ətirli bahar kimi,
Gül qoxuya bilirsən.
Sən ey bahar müjdəli,
Ağ duvaqlı bənövşə.
Mənim üçün hər zaman,
Dəyərlisən həmişə.
Sənin kimi dostlarla,
Hər gün xoş keçsin anım.
Nə yaxşı ki mən səni,
Tanıdım, Nərmin xanım!
03.03.2024
MuasirMedia.az Mais Təmkin