Əliyeva Ramilə Zahit qızı.
1977-ci ilin dekabr ayının 13-də Bakı şəhərində doğulub..Orta təhsilini 1995-ci ildə bitirib elə həmin ildə Bakı Dövlət Üniversitetinin biologiya fakultəsinə qəbul olunub. Bioloq-fizioloq ixtisasına yiyələnib.Ədəbiyyata olan dərin marağı,duyğu və düşüncələrini misralara çevirməyə imkan verib.2021-ci ildən davamlı şeirlər yazmağa başlayıb. İlk şeirini anasına ünvanlayıb. Analı dünyasını misralara köçürüb.Ailəlidir.3övladı var.Azərbaycan ədəbi fikrinə yeniliklər gətirmək arzusunda olan biridir.
Qəmgin naxışlara tuş gəldi ömrüm
Mən baharda xəzan ömrü yaşadım
Cəhd elədim ağlamayım, hey gülüm
Xəyalları pozan ömrü yaşadım.
—————————————————
Bu dünyada əbədilik nə varki?
Bu dünyada əbədilik nə varki?.
Hər şey nisbi yaşananlar hədərmiş.
Haray çəksəm səsimi kim duyar ki?…
Dünya fani, ömür gəldi-gedərmiş.
*
İllər ötər saçımıza dən düşər,
Bahar ömrü payızıyla görüşər.
Bəyaz saçlar keçmişlərdən danışar,
Xatirələr dünənlərdə itərmiş…
*
Ömür coşub ümman kimi çağlayar,
Düşüncələr qəlbdə qaysaq bağlayar.
Toxunmayın sarı simə ağlayar,
Gözlərdə yaş, qəlblərdəki qəhərmiş.
*
Taleyimin yazısıyla barışdım,
Bir ümidin alovunda alışdım.
Duyğularım mənə məndən danışdı,
Ömür fani bir gün hər şey bitərmiş…
*
Zirvələrdə duman olan ömrümün,
Yaxşılarda yaman olan ömrümün.
Dolaylarda talan olan ömrümün,
Qismətində acı varmış, zəhərmiş.
*
Könül susar dil danışmaz bir daha,
Görən varmı ümid nurlu sabaha?
Dua edək qadir olan Allaha,
O malikdir, O hər şeyə yetərmiş!
Ucal Azərbaycanım.
Ana yurdum,çiçəklənən diyarım,
Sənə bağlı duyğum,xoş arzularım,
Qoy var olsun elim,obam,mahalım,
Sabahından güc al,Azərbaycanım!
Ucaldıqca,ucal,Azərbaycanım!
Sən qəlbimin alovusan,odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal ləzzəti, dadısan.
Keçmişinlə qocal,Azərbaycanım!
Bu gününlə ucal,Azərbaycanım!
Dağlarının zirvəsində qar gözəl,
Yamaçlarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl,nar gözəl.
Gözəllikdən bac al,Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!
Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna,şəstinə.
Düşmənindən öc al,Azərbaycanım!
Sən tarix yaz,ucal Azərbaycanım!
Ey Vətənim,Ey Yenilməz millətim,
Var-dövlətim,şan-şöhrətim,sərvətim,
Sənlə dolu saf duyğum,xoş niyyətim.
Zirvələrdə tac ol,Azərbaycanım!
Güdrətli ol,güc ol,Azərbaycanım!
Analar
Qəlbimdə bir gözəl nəğmə dolaşır,
Bir həzin şeirin sətri duyulur.
Hissim qanadlanır,dolaylar aşır,
Anamın o kövrək ətri duyulur.
*
Nə şirin kəlmədir, ” Ana” kəlməsi..,
Ürəyim titrəyir,əllərim əsir.
Bizə həyat verən ruhu, nəfəsi,
Əbədi cənnətə yaman tələsir…
*
Duyğular hissimin ifadəsidir,
Mənə ümid verən analı dünyam.
Bircə dəfə can söyləsə bəs edir,
Rahat olam,mışıl-mışıl uyuyam.
*
Övladına bəxş etdiyi sevgiylə,
Zirvələr fəth edir,ucalır ana.
Sonsuz zəhmətiylə,əziyyətiylə,
Hər gün damla-damla qocalır ana…
*
Cənnətin müjdəsi, gözəl analar,
Sizsiz dünya sıxıntıdır,qəfəsdir.
Sevgisi təkrarsız, özəl analar,
Qayğınız,sevginiz ruhdur nəfəsdir!
Qalıb
Bu torpaq əbədi sərvətimizdir,
Dağında,düzündə izimiz qalıb.
Hər dost süfrəsində söz-söhbətimiz,
Sönməyən odumuz-közümüz qalıb
*
Gücü tükənməzdir, bükülməz qolu,
Müqəddəs torpaqdır,zinətlə dolu.
Qüzeyi,Güneyi bir həsrət yolu
O həsrət yolunda gözümüz qalıb
*
Zəfər salnaməsi yurda yaraşır,
Arzular ümmantək çağlayır, daşır.
Bir həzin səs gəlir,dilim dolaşır,
Bu səsdə doğrumuz ,düzümüz qalıb.
*
Ulu torpağımız, tacsan ellərə,
Açdın qucağını aya, illərə,
Döndün nəğmələrə,düşdün dillərə,
Hələ deyilməmiş sözümüz qalıb,
“Bütöv Azərbaycan” arzumuz qalıb.
Baharım
Bahar,çiçək ətri verir nəfəsin,
Ruhum gözəlliyin seyrinə dalır.
Səndən ilham alır duyğum, həvəsim,
Arzum səmalarda hey qanad çalır.
*
Gəlişin hissimə min ahəng qatır,
Ay,mənim gülüzlü, nazlı baharım.
Kol dibində qəmgin bənövşə yatır,
Gəl,qoy çiçək açsın,getsin qübarım.
*
Təbəssüm bəxş elə,solğun üzlərə,
Həyat təzələnsin qoy gülüşünlə.
Kədər pərdələnən qəmli gözlərə,
Nicat ver,ümid ver, sən gəlişinlə.
*
Nəğmələr qoşarıq, bahar, sehrinə,
Təbiət yamyaşıl libas geyinər.
Könlüm hey tələsər yazın seyrinə,
İstək qanad açar,duyğu sevinər.
*
Səninlə cücərib saf niyyət,arzu,
Yaralı qəlblərə məlhəm kimisən.
Ana təbiətin ay, şıltaq qızı,
Kövrək duyğuların sarı simisən .
Yavaş-yavaş
Sakit bir limanda lövbər salmışam,
Saçımı darayır yel yavaş-yavaş.
Nutqim də tutulub fikrə dalmışam,
Susub, daha dinmir dil yavaş-yavaş
*
Ruhum seyr eləyir qumlu sahili,
Dalğalar gətirir,yosunu,lili.
Məni zənn etməyin eşqin cahili
Titrəyir könlümdə tel yavaş-yavaş
*
Dənizin qoxusu köksümə axır,
Sanki bu sahildən bir həsrət baxır
Düşüncəm beynimdə şimşək tək çaxır
Deyir ki, kədəri sil,yavaş-yavaş
Ömrün payızı
Yağar ömrümüzə payız yağışı,
Damlalar bir qəlbin pıçıltısıdır.
Köçər ömrümüzə həsrətin qışı,
Qar da kövrək hislər xırçıltısıdır.
Birdən solğunlaşar ömür sarayın,
Dumana bürünər, çənə bürünər.
Köksündə taxt qurmuş eşqin harayı,
Bəzən adiləşər,cılız görünər.
Ömrünə çiçəkli yaz axtararsan,
Çoxdan usanarsan,az axtararsan.
Hissinə köklənmiş saz axtararsan,
Mizrabın qırılar əlindən düsər.
Solar sir-sifətin,nəm olar gözün,
Tez-tez bldbinləşər çöhrən,bənizin.
Etdiyin əməlin,getdiyin izin,
Adını qoymağa söz axtararsan.
Bir-bir vərəqlənər ömrün kitabı,
Bəzi duyğuların vardır niqabı.
Sönüb tüstülənən odun-ocağın,
Külündə qığılcım, köz axtararsan.
ŞƏHİDİM
Məğrur-məğrur dayanıbsan zirvədə,
Vətənə əmanət olan Şəhidim.
Qürur verdin bu xalqa ,bu millətə,
Gənc yaşda baharı solan Şəhidim.
Bir dövlətin yenilməzlik qalası ,
Bu torpağın mərd , qəhrəman balası.
Şücaətin tarix boyu qalası,
Cəsarət himnini çalan Şəhidim.
Vüqarından düşmən bağrı yarıldı,
Qəmli gözlər yollarında yoruldu.
Şəhid oldun,bayrağına sarıldın,
Anası saçını yolan Şəhidim.
Vətən eşqin tükənmədi qəlbində ,
Cəsur oldun, yenilmədin hərbində.
Anaların naləsində, dərdində ,
Nəm olub gözlərə dolan Şəhidim .
Nicat tapdı sənlə sönmüş diləklər ,
Vətən deyib cuşa gəldi ürəklər ,
Məzarını bəzəyidir çiçəklər.
Cənnət bağçasında dolan,Şəhidim !
Əbədi Cənnətdə olan Şəhidim!
A. Dünya
Sevincindən pay vermədin bir tikə,
Kədərinə qonaq etdin,a dünya .
Qəm yükünü kim daşıya,kim çəkə,
Mən qəribi sınaq etdin,a dünya
Dilləndirdin könlümün qəm sazını,
Boran etdin baharımı,yazımı.
Anlamadım bu taleyi yozumu…
Nəyi nəyə calaq etdin, a dünya …?
Arzulardan saray qurdum özümə,
Diqqət etdim söhbətimə, sözümə.
Şübhə etmə, məndə olan dözümə ,
Məni nəylə qınaq etdin, a dünya…?
Duyğumun harayı
Mən bir kədər yolçusu,
Mən bir həsrət daşıyan .
Görəsən bu sazaqdda
Duyğumdumu üşüyən?
Mən bu ömür yolunda,
Məğlub oldum deyəsən.
Ruhun şaxta vurubsa,
Daha çətin güləsən…
Sanki nağıllar kimi,
Yalan olub bu ömrüm.
Bir qəribçün təsəlli,
Güman olub bu ömrüm.
Dözümümdən özümə,
Sanki məzar qazmışam .
Xəyallarım tükənib
Bir sahildə azmışam.
Nəğməm kövrək, duyğulu,
Yarım qalıb bəstəsi.
Bəzən təsəlli verir ,
Bu duyğular xəstəsi.
ANA ÜRƏYİ
Sevgidən yaranıb sevinc payımdır,
Şeirimdir,nəğməmdir ,duyğularımdır,
Gündüzlər günəşim, gecə ayımdır,
Sirli kəhkəşandır,ANA ÜRƏYİ.
Qayğısı tükənməz, istəyi sönməz,
Müqəddəs yolundan, eşqindən dönməz,
Bəzən susqun olar,danışmaz,dinməz,
Bir sirli məkandır,ANA ÜRƏYİ.
Sarsılsan, yorulsan, yanlışa uysan,
Qəlbinə həsrətdən qəm yükü qoysan,
Hüzura, sevgiyə ehtiyac duysan ,
Ən doğru ünvandır, ANA ÜRƏYİ
Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir,kədərdir.
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır,ANA ÜRƏYİ
Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin
Dərdlərə dərmandır,ANA ÜRƏYİ,
Tədbiri-loğmandır, ANA ÜRƏYİ.
Sevgisini səxavətlə paylayar,
Bəzən küsər,için-için ağlayar,
Duyğuları coşar,daşar çağlayar
Şeirdir, dastandır,ANA ÜRƏYİ.
Əlvan bir bustandır*,ANA ÜRƏYİ.
Ana
Sən mənim ömrümün yorğun mələyi,
Sən mənim ən uca dağımsan, Ana !
Sənin yoxluğuna dözməz ürəyim,
Saçımda bəyazım,ağımsan, Ana !
İsti nəfəsinlə dünyam isindi,
Sevginlə,qayğınla qəlbim sevindi.
Sənsiz bir dünyada olmaq çətindi,
Həyata bağlanan bağımsan, Ana !
Birgə addımladıq bu yollarda biz,
Yoruldu fikrimiz,əməllərimiz.
Axı,neyləyərəm dünyada sənsiz?
Həm sevinc, həm kədər çağımsan, Ana !
Payızda yuvadan köç edər quşlar,
Bir ömür sonlanar,bir ömür başlar.
Yarpaqlar tökülər, yağar yağışlar,
Artıq xəzan görmüş bağımsan, Ana !
MuasirMedia.az Güllər Amin Bakı.