Günün acı xəbərini aldıq. Bu gün Respublikanın Əməkdar artisti, səhnəmizin Ərəbzəngisi Sahibə xanım dünyasını dəyişdi.
Sahibə xanımın vəfatından kədərləndiyimi bildirib, yaxınlarına dərin hüznlə başsağlığı diləyirikə
Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub, orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük maraq göstərmişdir, ilk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən “Rast” ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olmuşdur. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənmişdir. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlamışdır. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olmuşdur. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da “Səhnəmizin Ərəbzəngisi” adını qazanmışdır. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış etmişdir. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası, Ş.Axundovanın “Gəlin qayası” operasında Camalın anası, R.Mustafayevin “Vaqif” operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib. Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. Həmçinin Sahibə xanım M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”, “Orta Mahur”, “Mahur-hindi”, “Rahab”, “Bayatı-kürd”, “Qatar”, “Şahnaz” muğam dəstgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. O cümlədən, Sahibə xanım “Uca dağlar”, “Ahu kimi”, “Alma almaya bənzər”, “Dağlardan aşdım” və s. xalq mahnılarını böyük şövqlə ifa edib. Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. 16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb. 3 övladı var və hal-hazırda təqaüddə idi.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun! AMİN!
MuasirMedia.az
Gülər Mirxubyar qızı