ÖMÜR KƏRPİCLƏRİNİN RƏNGLƏRİ…

Ədəbiyyat
ÖMÜR KƏRPİCLƏRİNİN RƏNGLƏRİ…
Göylərə ucaldım eşq qanadımla,
Haqqa könül açdım istedadımla,
Halal zəhmətimlə, təmiz adımla,
Qalxmışam həyatın pillələrində.
Aygün HÜSEYN
Uzun illərin dostu Hacı xanım Aygün Hüseyn öncə təbiətin tacı, yer üzünün əşrəfi sayılan gözəl insandır. Qadınlığın, zərifliyin, mübarizliyin rəmzi olan insandır. Şəxsiyyəti, qətiyyəti, adı, sanı ilə sayılan, seçilən insandır. Özü bütöv, sözü bütöv, qəlbi geniş, hünəri diqqətəlayiq insandır. Ləyaqətlə, şərəflə yaşayan, təmkinliyi, əqidəli, iradəli, ağayanalığı, xanımlığı, xatınlığı ilə nümunə olan insandır.
Pozan olmaz qəlbimdəki nisbəti,
Uca bildim ləyaqəti, isməti.
Tanrı yazıb bu bəxti, bu qisməti,
Yaradanın fərmanına mərhəba.
Bu misraları yaddaşına həkk etdirən Aygün xanım sərt olduğu qədər də mərd, yumşaq olduğu qədər də tələbkar insandır. İşinin ağası, əməlinin cavabdehi olan insandır. Belələrinə kişi kimi xanım deyirlər.
Hacı xanım dərin müşahidə qabiliyyətinə, güclü məntiqə malikdir. Duyumu, fəhmi ilə mövcud şəraiti düzgün qiymətləndirən, gələcəyi, uzağı aydın dərk edən yazardır.
Böyük ürək və səxavət sahibi olan Aygün xanım nəcib əməllərini layiqincə davam etdirir, bu gözəl işlərindən sevinc, rahatlıq tapır. Aygün xanım yaradıcı insanların tədbirlərinin iştirakçısı kimi qələm sahiblərinin könlünü alır, onlara yardımçı olur. Onun gözəl xasiyyətlərindən biri də budur ki, kiməsə arxa durmaqdan, qurub-yaratmaqdan zövq alır. O, əməlinə, əqidəsinə sahib olan xanımdır. Bir mömin kimi Allahını, Peyğəmbərini tanıyan, sevən, səcdəsinə duran insandır.
Haqqın işığıdır açılan sabah,
Şükür edən dillərdən uzaqdır günah.
Müqəddəs adına qurbanam, Allah,
Sənin dərgahındır mənim cənnətim.
O, islam dünyasının müqəddəs ziyarətgahlarında olub, daha da saflaşıb, durulaşıb. Dostumuz “Hacı” adını vicdanla, şərəflə daşıyır və bundan böyük qürur duyur. Mən Aygün xanımı məhz belə tanımışam. Siz də tanıyın.
***
Aygün Hüseyn Odlar yurdumuz Azərbaycanın baş şəhəri Bakıda anadan olub. Orta məktəb illərindən ədəbi-bədii yaradıcılığa həvəs göstərib. Şeirləri qəzetlərdə, jurnallarda, poeziya toplularında, Türkiyə, İraq türkmən ədəbiyyatının yazar dərgilərində, antologiyalarında mütəmadı çap olunub. Bir çox birliyin, qəzet və jurnalların, həmçinin Türkiyənin Uluslararası Egitim Kültür Sanat Etkinlikləri, Azerbaycan Başarı Ödülü, 2022-ci ildə isə “Zəfər salnaməsi” medalına layiq görülüb.
2010-cu ildə Həcc ziyarətinə gedib, 2019-cu ildə İraq Kərkük, Ərbil şəhərlərinə səfər edib, Ədəbiyyat Yazarlar Birliyində, bir çox təşkilatda iştirak edərək mükafatlara layiq görülüb.
“Xan qızı Natəvan”, “Qızıl qələm” media mükafatlarının laureatı, “Türkiyə sevdası”, “Cəsarətli qələm”, “Turan dünyasının tanınmış şairəsi”, “Vətən fədaisi”, “Vətənpərvər şairə”, “Nəsimi”, “Xarı bülbül” poeziya diplomları ilə təltif edilib. Türkiyənin Sivas Yazarlar Birliyinin Azərbaycan təmsilçısıdir. Azərbaycan Jurnalıstlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, İraq Türkmən Yazarlar Birliyinin üzvüdür. AY TV1 kanalının “Milli mənəvi dəyərlərimiz” verilişinin layıhə rəhbəri və aparıcısıdır. 2016-cı ildə “Azərnəşr” “Anamı görürəm”, 2018-ci ildə “Qəlbimin çiçəkləri”, 2020-ci ildə “Dərdin qış gecəsi”, 2022-ci ildə “Ömrümün Vətən nəğməsi”, “Duyğularım bir dünyadır” adlı kitablarını çap edib.
***
Özümün bildiklərimi və qısa tərcümeyi-halı xatırladan bilgiləri birləşdirərək Aygün xanımı köklü, qollu-budaqlı, geniş şaxəli xan çinara bənzədə bilərəm. İnanıram ki, bu çonarın kölgəsində ailə üzvləri, qohumları, yaxınları, əziz dostları pərvəriş tapacaq.
Aygün Hüseynin şeirləri haqqında ilkin obraz mənim üçün nə oldu: Ömür kərpiclərinin rəngləri… Bu rənglərin cazibəsi, ecazkarlığı nədədir?
***
…Şair Aygün xanım ömrünün və yaradıcılığının yetkinlik çağlarında, kifayət qədər kamillik mərtəbəsindədir. Bu gün onun ötəri hisslərdən, bu gün var, sabah olmayan duyğulardan keçib gələn vaxtıdır. Elə ona görə də şairin mənəvi dünyasında fəsil də, ömür də, həyatın minbir rəngəri də ömrün, taleyin qismət çaları olan kərpiclər də xüsusi obrazlar kimi mənalandırılır.
Çox qəribədir, A.Hüseyn üçün ümidlərin göyərməyi, yolların ağarmağı qarşılaşan təzadlar kimi görünür. Ümidin göyərməyi yaxşı haldır, əgər yollar ağarmasaydı. Şair bunu mənəvi ideala qovuşmanın mümkünsüzlüyü kimi də xarakterizə edə bilər. Amma bunun həyati çalarları da var. Axı biz istədiyimiz vaxt asanlıqla, necə deyərlər, ayaqlarımızla yeriyib istədiyimiz məkana gedə bilmirik. Yolların ağarmağı, əslində, gözləyən gözlərin qaralmağı qədər dərdlidir. Bir sözlə, şair günü-günə calasa da, ümidləri ilə baş-başa qalsa da, gündüzündən, gecəsindən bir haray görmür. Bu, elə bir zəmanədir ki, ömür haqq üçün girov qoyulsa da, əvəzində haqqı almaq mümkün olmur. Və, bir sözlə, daş üstə daş qoyulur, amma ümid sarayının sonuncu qüllələri hörülüb qurtarmır…
***
A.Hüseyn öz poeziyasının nüvəsində həmişə xalq fikir və düşüncəsini nüvə kimi görür. “Gündə bir kərpic düşər ömrümün sarayından”. Xalq bunu deyib.
… Ömür kərpiclərinin rəngləri bənzərsizdir, qeyri-adi görüntülərdədir. Elə onun özünün təbiəti kimi…
… Aygün xanımın poeziyası özünə çox bənzəyir. Bir az yöndəmsiz, bir az yanıb közərmiş, bir az da isti-isti, buğlana-buğlana. Asanlıqla əlinə ötürə bilmədiyin qızarmış dəmir külçəsi kimi.
… Söz sahibinə bənzəsə yaxşıdır!..
***
Onun Aygün xanıma hamı böyük hörmətlə yanaşır, onu şair kimi sevir, onun yaradıcılığına çox böyük hörmətlə yanaşır. Bu mənada onun yaradıcılığı ətrafındakı yazarlara, dostları olan qələm sahiblərinə çox böyük təsir göstərib, müəyyən hiss və duyğular yaradıb. A.Hüseynin yaradıcılığında fəlsəfi duyumlar, səmimiyyət, vətənə bağlılıq hisləri, çox geniş mənada, Aygün xanımın yaradıcılığı ilə maraqlanan oxucular üçün də doğmadır və mənalıdır. Onun şeirlərində, poetik əsərlərində şairə məxsus olan məqamların şahidi oluruq.
Şair üçün ən böyük məhəbbət oxucu məhəbbətidir. Aygün xanımın yaradıcılığı ilə tanış olandan sonra istər-istəməz adam fikirləşməli olur. Məhz bir sıra xüsusiyyətlərinə görə onun yaradıcılığı adamı düşündürür. Həyata müdaxilə, nə üçün insan yaşayır, haradan gəlib, hara gedir kimi cəhətlər insanı düşündürür. Bu cəhətdən Aygün Hüseynin yaradıcılığı bizə çox şeyi deyir. Bir yazar kimi özünəməxsus rol və mövqeyə malikdir. Bu illərdə həm özünü sevdirə bilib, həm də bir şair kimi öz
oxucularının qəlbində yer tutub. Məsələn, anasının timsalında bütün analara həsr etdiyi “Anam” şeirinin bir misrasında görün nə deyir Aygün xanım:
Aygünəm, yadımdan çıxmaz bu məsəl,
Heç vaxt son sözümü demərəm əzəl.
Gözəllər yanında hamıdan gözəl,
Mələklər yanında mələkdi anam.
***
Əlbəttə, yoldaş olanda insanı daha yaxşı tanımaq olur. Aygün Hüseyn səmimi xanımdır. Həyatda da, yazılarında da səmimidir. Onun yaradıcılığı da səmimiyyətdən yoğrulub. O, cəmiyyətə, həqiqətən, yararlı vətəndaşdır. İstər ictimai işlərdə, istər yaradıcılıq tədbirlərində, istərsə də şairlik sahəsində əlindən gələni edir. Aygün xanımın hər şeiri haqqında yarım saat danışmaq olar. Mən onun yazdığı şeirləri qismən olsa da, oxumuşam. Böyük qeydlərim var. Onun ədəbi yaradıcılığı çoxşaxəlidir, gözəl fəlsəfi fikirləri var. Onda xalqımızın dərdləri cəmləşib.
Sınamışam bu nakam arzu-kam kimi,
Dərd çöküb yollara bir axşam kimi,
Astaca əriyir ömrüm şam kimi,
Kədər heykəlinə dönmüşəm sənsiz.
Qardaş türk xalqına olan məhəbbət vardır. Qardaş türk xalqına həsr etdiyi şeirlərlə də tanışam. Onda hamımızı düşündürən və düşünməyə məcbur edən bir biganəlik məfhumu var. Onun nəzərində xüsusilə Vətən dərdlərinə, Vətən harayına heç kəs biganə yanaşmamalıdır… 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Vətən oğlu” şeirində bu hissləri aydın sezmək olur:
Yağı düşmən üstə hünərlə vardın,
Yurdun yarasını əlinlə sardın.
Ulu Qələbəyə müjdə apardın,
Hünərinə əhsən, ay vətən oğlu!

MUASİRMEDİA.AZ

Daşdəmir ƏJDƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir