3 May Ümumdünya Söz və Mətbuat Azadlığı Günüdür

Dünya

3 May Ümumdünya Söz və Mətbuat Azadlığı Günüdür.
1993-cü il dekabrın 21-də BMT-nin baş məclisi “Ümumdünya mətbuat azadlığı gününün keçirilməsi haqqında” qərar qəbul etdi. Bundan 2 il əvvəl isə “Vindxux bəyannaməsi” imzalanmışdı ki, bu sənəddə dünyanın bütün ölkələrinin hökumətlərinə mətbuata kömək göstərmək tövsiyə olunurdu.

 Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərmişdir.

1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.

Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atmışdır.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanmışdır.

Ulu öndər Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanmışdır.

Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ləğv edilməsi, qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olmuşdur.

2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmişdir.

Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır.

Ümummilli liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olmuşdur.

Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlətimizin başçısının Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olmuşdur.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da dediyi kimi Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.

Ölkə mətbuatının daha da inkişafını təmin etmək üçün Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara bir sıra mütərəqqi dəyişikliklər etmişdir.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməmişdir. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Peşəkar jurnalistlər ölkədə və onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam obyektiv işıqlandırır, onları təhlil edir və oxucuya qərəzsiz, düzgün çatdırırlar. Belə jurnalistlər ictimai-siyasi, iqtisadi, mədəni, elm və texnika sahələrindəki nöqsanları qərəzsiz mövqedən açır, göstərir və onların həlli istiqamətində araşdırmalar aparırlar.

3 may – Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını almışdır. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.

MUASİRMEDİA.AZ GÜLLƏR AMİN

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir