Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları, əslində, ötən əsrin 20-ci illərindən, ilk müstəqil respublikamızın sovet imperiyası tərəfindən işğalından sonra yaranmışdı. Beynəlxalq sistemə yenicə inteqrasiya etməyə başlamış Şərqin ilk respublikası beynəlxalq imperializmin basqılarına tab gətirməyib süqut etsə də, xalq on minlərlə qurbanın hesabına qazandığı müstəqillikdən imtina etmək fikrində deyildi. Odur ki, sovet əsarətinin mövcud olduğu bütün onilliklər ərzində ən qəddar repressiyalara məruz qalmasına baxmayaraq, xalqımız azadlıq mübarizəsini müxtəlif formalarda davam etdirirdi
Erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər və Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı.1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqləri başlandı. Bakının mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşən xalq bütün dünyaya sübut etdi ki, azad olmağa layiqdir. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən irimiqyaslı kütləvi etiraz aksiyası idi. İmperiya mərkəzi Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in Daxili Qoşun Qüvvələrini Azadlıq meydanına yeritməklə dekabrın 3-dən 4-ə keçən gecə vətəndaşların dinc etiraz mitinqini dağıtdı. Mitinqlər dayandırılsa da, xalq imperiya təcavüzünə qarşı kütləvi milli müqavimətin yeni örnəyini yaratdı. 17 noyabr bir daha göstərdi ki, azadlıq ruhuna hakim olan və müstəqillik yolunda bütün çətinliklərə sinə gərməyə hazır olan xalqı artıq müstəmləkə əsarətində saxlamaq mümkün olmayacaq. Noyabrın 17-dən başlayan Meydan hərəkatı milli müstəqillik günü kimi her il qeyd olunur.
MUASİRMEDİA.AZ