Azərbaycanda qaz, işıq, su və dərmanlar bahalaşdı

ölkə

İşığın da qiyməti bahalaşdı

Tarif Şurası elektrik enerjisinin də qiymətini 5% artırıb.

Bildirilir ki, əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə qaldırılıb.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) olub.

Bahalaşan su və kanalizasiya xidmətləri

Şura bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.

Əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1 015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1 635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir.

Bildirilir ki, bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir:

“Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq”.

Bahalaşma istilik siteminə də şamil olunub

Şuranın yaydığı açıqlamada istilik xidmətinin tarifinin də artırıldığı bildirilir.

Məlumatda qeyd olunur ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir.

Bildirilir ki, aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır:

“Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq”.

Dərman vasitələrinin qiymətində də artım var

Qiymət artımı dərman vasitələrinə də şamil olunub.

Şura bildirib ki, yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiyməti qaldırılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bahalaşan dərman vasitələrinin tam siyahısı da Tarif Şurasının rəsmi internet saytının (tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir