2025-ci il, Azərbaycan üçün inkişaf və transformasiya dövrü olacaq

ölkə
 Qarabağın yenidənqurulması, iqtisadi diversifikasiya, texnoloji yeniliklər və regional liderlik Azərbaycanın həm daxili, həm də beynəlxalq arenada mövqeyini gücləndirəcək.
Qarabağda əldə edilmiş üstünlük Azərbaycanın regionda mövqeyini möhkəmləndirəcək.
Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda uzunmüddətli sabitliyə və əməkdaşlığa zəmin yarada biləcək. Azərbaycan regional məsələlərdə daha fəal rol oynayacaq və Qafqazda sabitlik təşəbbüslərində liderlik edəcək.
Azərbaycan ordusunun hərbi texnika ilə təchizatı davam edəcək, pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi genişlənəcək. Azərbaycan regionda sülhü təmin etmək üçün güclü mövqeyini qoruyacaq və beynəlxalq təhlükəsizlik təşəbbüslərində iştirak edəcək.
Avropa ilə təbii qaz və yaşıl enerji sahələrində enerji tərəfdaşlığı daha da genişlənəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş olaraq qalacaq. Cənub Qaz Dəhlizinin əhəmiyyəti artacaq və Avropanın alternativ enerji mənbələri axtarışında Azərbaycanın rolu daha da möhkəmlənəcək.
Türk Dövlətləri Təşkilatı və qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələri daha da möhkəmlənə bilər. Azərbaycan, Türk Dövlətləri Təşkilatında mühüm rol oynayacaq və türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Eyni zamanda, Çinlə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq daha da güclənəcək.
Azərbaycan, o cümlədən “yaşıl enerji” layihələrini genişləndirə bilər. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda külək və günəş enerjisi layihələrinin inkişafı sürətlənəcək.
Qarabağın bərpası
Azad edilmiş ərazilərdə yenidənqurma və məskunlaşdırma işləri davam edəcək. İnfrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi fəaliyyətin genişlənməsi, əsas prioritet məsələlər olacaq.
Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlənəcək və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı artacaq. Müasir infrastrukturların yaradılması bu bölgələrdə yaşayış şəraitini yaxşılaşdıracaq.
Qarabağda, Şuşa və Kəlbəcər kimi bölgələrdə turizm potensialının inkişafı, Azərbaycana əlavə gəlir mənbəyi yaradacaq.
Zəngəzur dəhlizinin tamamlanması, Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, həm regionda ticarətin canlanmasına, həm də Azərbaycanın beynəlxalq logistika şəbəkəsinə inteqrasiyasına töhfə verəcək.
İqtisadiyyat
İqtisadi diversifikasiya siyasəti çərçivəsində qeyri-neft sektorunun inkişafı davam edəcək. İqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində qeyri-neft sektorunda geniş islahatlar həyata keçiriləcək. Kənd təsərrüfatı, turizm və texnologiya sektorlarında yeni investisiyalar cəlb ediləcək.
Rəqəmsal transformasiya layihələri həyata keçiriləcək. Rəqəmsal iqtisadiyyat sahəsində irəliləyişlər, o cümlədən elektron hökumət xidmətlərinin genişləndirilməsi və texnoloji startapların dəstəklənməsi davam edəcək.
2025-ci il, həm böhranların, həm də yeni imkanların yaranacağı bir dövr olacaq. İqtisadi və texnoloji inkişaflar, həmçinin iqlim dəyişikliyi və geosiyasi rəqabət dünyanı yeni istiqamətə doğru dəyişdirəcək. Bu dövrdə ölkələrin çevik strategiyalarla fəaliyyət göstərməsi həyati əhəmiyyət daşıyacaq.
Elm, Texnologiya və Təhsil
Azərbaycanın texnologiya sektorunda startap ekosisteminin inkişafı diqqət mərkəzində olacaq. Texnoparklar və innovasiya mərkəzlərinin yaradılması bu sahədə yeni imkanlar açacaq.
Təhsil sahəsində beynəlxalq standartlara uyğunlaşdırılmış proqramlar tətbiq olunacaq. Texniki peşə təhsili və rəqəmsal savadlılıq proqramlarına diqqət artırılacaq.
Sosial siyasət
Sosial müdafiə proqramları genişləndiriləcək və yoxsulluğun azaldılması istiqamətində tədbirlər görüləcək.
Gənclərin məşğulluğu və təhsil imkanları artırılacaq.
İqlim və Ətraf Mühit
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarını azaltmaq məqsədilə beynəlxalq təşəbbüslərə qoşulacaq. Qarabağ və digər bölgələrdə meşə və su ehtiyatları ilə bağlı ekoloji bərpa layihələri həyata keçiriləcək.
Ümumi Yekun
2025-ci ildə bizi nəhəng texnolojik yeniliklərin gözlədiyi dəqiqdir. Bununla yanaşı, artan təbii fəlakətlər və müharibələr fonunda, dünya bir qədər çətin dövr yaşasa da, Azərbaycanın bu sınaqlardan alnıaçıq şəkildə və daha güclü çıxacağına inancım tamdır.
Allah, Azərbaycanı qorusun !

MUASİRMEDİA.AZ  Elnur Məcidli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir