Salyanın Fəxri: Türkçülüyün İdeoloqu Əli bəy Hüseynzadə

Mədəniyyət
Azərbaycanın milli oyanış hərəkatında müstəsna rolu olan Əli bəy Hüseynzadə 7 mart 1864-cü ildə Salyan şəhərində dünyaya gəlmişdir. O, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tarixi və mədəniyyətində əbədi iz qoymuş, türkçülük ideologiyasını sistemli şəkildə formalaşdırmış böyük ziyalı, filosof, yazıçı, həkim və rəssam olmuşdur.
Əli bəy Hüseynzadə “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı ilə türk millətinin dirçəlişi üçün yeni yol göstərmişdir. Bu ideya ilə o, türk xalqlarının milli özünüdərkini, birliyini və tərəqqisini təbliğ etmişdir. Onun fikirləri milli maarifçiliyin inkişafında və türk dünyasının birliyinin güclənməsində mühüm rol oynamışdır.
Əli bəy Hüseynzadənin fəaliyyətləri yalnız Azərbaycanla məhdudlaşmamışdır. O, Türkiyədə də tanınmış ziyalı kimi çalışmış, Osmanlı İmperiyasında türkçülük ideologiyasının yayılmasına böyük töhfələr vermişdir. Onun həyatı və əsərləri bu gün də Türk Dünyası Ensiklopediyasında xüsusi yer tutmuşdur. Bu nüfuzlu mənbədə Əli bəyin həyat və irsi haqqında geniş məqalə yer alır. Hər kəsi həmin məqaləni oxumağa və dahi şəxsiyyətin irsini daha dərindən öyrənməyə dəvət edirik.
Salyanın yetişdirdiyi bu böyük şəxsiyyət təkcə milli maarifçi deyil, həm də mətbuat xadimi kimi tanınır. O, “Həyat” qəzetində, “Kaspi” və “Füyuzat” jurnallarında türkçülüyü təbliğ etmiş, xalqın milli oyanışı üçün çalışmışdır.
Əli bəy Hüseynzadənin türkçülüyü təbliğ edən fəaliyyəti və milli ideyaları bu gün də bizə yol göstərir. Onun yaratdığı “Türkləşmək, islamlaşmaq, müasirləşmək” fəlsəfəsi həm mədəni, həm də mənəvi inkişafımızın təməl prinsiplərindən biridir.
Salyan torpağının yetirdiyi bu dahi şəxsiyyətlə fəxr edirik. Əli bəy Hüseynzadənin həyat və fəaliyyətini gənc nəsillərə tanıtmaq, onun milli ideyalarını yaşatmaq hər birimizin borcudur. Türkçülüyün bu əvəzsiz ideoloqunun irsini öyrənək, yaşadaq və gələcək nəsillərə çatdıraq!

Türk Dünyası Ensiklopediyasında Əli bəy Hüseynzadə haqqında məqaləni oxumaq üçün hər kəsi dəvət edirik!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir