Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir.
“Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
İkincisi, Ermənistanın mövqeyi səbəbindən Zəngəzur dəhlisi yubandığına görə, Azərbaycan İran ərazisindən – Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil.
Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilib və bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb.
Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.
MUASİRMEDİA.AZ