Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) birgə keçirdiyi əməliyyat nəticəsində Qusar rayonu ərazisində radikal dini-ekstremist qruplaşmanın zərərsizləşdirilməsi ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş ciddi bir təhdidin qarşısının alınmasını göstərir.
Hüquqi baxımdan yanaşdıqda, bu əməliyyat Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan bir sıra maddələrlə uyğunluq təşkil edir. Hüquqşünas Zaur Quliyev bildirib ki, terrorçuluq və ona hazırlıq Azərbaycan qanunları ilə ən ağır cinayətlərdən hesab edilir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 214-cü maddəsinə əsasən, terror aktlarının təşkili, terror məqsədilə hazırlıq işlərinin görülməsi və bu cür fəaliyyətlərə dəstək ciddi cəzalar nəzərdə tutur. “Əməliyyat zamanı qruplaşma üzvlərinin meşə massivində gizli sığınacaqlar yaratdığı, qanunsuz silah və sursat saxladığı müəyyən edilib ki, bu da Cinayət Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyəti yaradır,” – deyə Zaur Quliyev vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunu dövlətin təhlükəsizliyinə təhdid yaradan halların qarşısının alınması üçün xüsusi tədbirlərin görülməsini nəzərdə tutur. “Bu əməliyyat həmin qanunun tələblərinə tam uyğundur. Hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi tədbirlər dövlətimizin daxili sabitliyinin və təhlükəsizliyinin qorunduğunu, belə halların kökündən qarşısının alındığını bir daha sübut edir,” – deyə hüquqşünas bildirib. Zaur Quliyevin fikrincə, Azərbaycan hüquqi dövlət prinsiplərinə əsaslanan güclü bir dövlətdir və bu cür təhlükəli fəaliyyətlərlə məşğul olanlar qanun qarşısında cavab verməlidir. “Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək iqtidarındadır və terrorçuluq cəhdlərinə qarşı sərt və qətiyyətli mövqedədir. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən bu tədbirlər Azərbaycanın sabitliyini pozmaq istəyən qüvvələrin məqsədlərinə çatmasının mümkünsüz olduğunu bir daha təsdiqləyir,” – deyə hüquqşünas fikrini tamamlayıb.
MUASURMEDİA.AZ
Hüquqşünas ZAUR QULİYEV