Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunan sərgi keçirilib. Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun Xatirə-Muzeyində təşkil olunan tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhidin ailə üzvləri, Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin kollektivi, Milli Qəhrəmanın adını daşıyan təhsil kompleksinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak edib. Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edərək bildirib ki, Mübariz İbrahimovun adı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. İdarə rəisi onu da bildirib ki, Mübariz öz şücaəti, Vətən sevgisi və misilsiz fədakarlığı ilə əbədiyaşar bir qəhrəmanlıq rəmzinə çevrilib. Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini vurğulayıb. Sonda incəsənət məktəbinin şagirdlərinin Mübariz İbrahimov haqqında çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib .
