Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır.