17-si Fevral görkəmli Azərbaycan şairi, qəzəlxanı, şeir yazmaqdan əlavə Nizami, Füzuli, Xaqani və Nəvainin bir çox şeirlərini də tərcümə etmiş mahir tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi böyük ustad Əliağa Vahidin (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olmasından 130 il ötür. Cümhuriyyət dövründə və eləcə də, Böyük Vətən müharibəsində xalqımızı öz vətənpərvər şeirləri ilə ruhlandıran böyük ustad 60 il bundan əvvəl vəfat etsə də, yaşadı, yaşadıldı. Neçə illər bundan əvvəl qərib ölkədə səyahətdəykən vətən həsrətiylə yazdığı və rəhmətlik ustad Əlibaba Məmmədovun bəstəsiylə nəğmələşən “Vətən yaxşıdır” şeiri ilə illər sonra bizi yenidən döyüşə ruhlandıran, bizə güc və əzm verən qəzəlxanımızın adı çəkilən şeiri 200 ildən sonra ilk dəfə alnımızdakı məğlubluq damğasını silən Vətən müharibəmizin əvəzsiz qələbə nəğməsinə, himninə çevrildi. Böyük Vətən müharibəsində canlı şəkildə bizi ruhlandıran ustad Vətən müharibəmizdə və müharibədən sonrakı bu günlərdə də öz ruhu və özü kimi ölməz şeirləri ilə bizə vətənpərvərlik hissi aşılayır.
130-cu doğum günündə ölməz sənətkarımıza Allahdan rəhmət diləyirəm! Ruhun şad olsun, ustad! “Yaxşıdır” deyib əzizlədiyin şanlı vətənin Xudayar kimi igid oğullarımızın sayəsində yaxşı olub, olur, olacaq! MUASİRMEDİA.AZ