Son zamanlar kişi sığınacaqlarının yaradılması ilə bağlı fikirlər səsləndirilir. Bu ideya bəziləri tərəfindən sosial ədalət və bərabərlik kimi təqdim edilsə də, onun tətbiqi cəmiyyətimiz üçün mənfi nəticələr doğura bilər. Kişinin üzərinə düşən məsuliyyətin azalması, ailə institutunun zəifləməsi və sosial dəyərlərin aşınması kimi ciddi problemlər yarana bilər. Tarixən kişi ailənin dayağı olub. O, ailəsini, torpağını, millətini qorumaq üçün çətinliklərə sinə gərib. Kişi sığınacaq axtarmaz, çünki onun əsas vəzifəsi qorumaq və himayə etməkdir. Əgər kişi sığınacaq axtarmağa məcbur olarsa, bu, ailə bağlarının zəifləməsinə və gələcək nəsillərin məsuliyyətsiz böyüməsinə səbəb ola bilər. Belə bir yanaşma eyni zamanda tənbəllik və arxayınlıq hissini artıracaq. Problemlərlə üzləşən insan onların həlli üçün mübarizə aparmaq əvəzinə, asan çıxış yolları axtaracaq. Azərbaycan kişisi hər zaman çətinliklərə qarşı mübarizə aparıb və geri çəkilməyib. O, nə qədər ağır vəziyyətdə olsa da, həmişə öz yolunu tapıb. Bizim tariximiz və milli dəyərlərimiz kişini ailənin və cəmiyyətin dayağı kimi formalaşdırıb. Lakin sığınacaq anlayışı kişini bu möhkəm mövqedən uzaqlaşdıraraq, onu passiv və asılı hala gətirəcək. Nəticədə ailə bağları zəifləyəcək, sosial harmoniya pozulacaq və gələcək nəsillər üçün sağlam model yaranmayacaq. Kişinin rifahını yaxşılaşdırmaq üçün sığınacaq yaratmaq yox, yüksək maaşlı iş yerlərinin açılması, istehsalat sahələrinin inkişafı, peşə vərdişlərinin artırılması və sağlam həyat tərzinin təbliği vacibdir. Əksinə, ailə institutunu gücləndirmək üçün daha çox iş görülməlidir. Bu sahədə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media, alimlər və düşünən insanlar daha fəal olmalıdır. Nəticə etibarilə, kişi sığınacaq axtarmamalıdır, çünki onun iradəsi və məsuliyyəti cəmiyyətin təməl daşlarından biridir. Kişi sığınmır, kişiyə sığınılır!
MUASİRMEDİA.AZ
HUQUQŞUNAS ZAUR QULİYEV.