20-21 fevral tarixlərində Belçika Krallığının Brüssel şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi “CyberEast+” layihəsi çərçivəsində “Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasının İkinci Protokolunun Avropa İttifaqının tələbləri kontekstində tətbiqi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Budapeşt Konvensiyasının “Genişləndirilmiş əməkdaşlıq və elektron sübutların açıqlanmasına dair” İkinci Protokolunun əsas müddəaları, onun tətbiqi mexanizmləri, Avropa İttifaqı üzv dövlətlərinin bu sahədəki tələbləri və protokolun tərəf dövlətlər tərəfindən imzalanması və ratifikasiyası imkanları müzakirə olunmuşdur.
Həmçinin, kibercinayətkarlıq və elektron sübutlar sahəsində qanunvericilik və siyasət çərçivələrinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə vahid strategiyanın formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İclasda Avropa Komissiyasının, Avropa İttifaqı institutlarının, Şərq Tərəfdaşlığı ölkələrinin prokurorluq orqanlarının, daxili işlər, xarici işlər və ədliyyə nazirliklərinin, xüsusi istintaq qurumlarının nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Mələk Əliyeva təmsil etmişdir.
Seminar çərçivəsində əldə edilən tövsiyələr Şərq Tərəfdaşlığı ölkələrində Budapeşt Konvensiyasının İkinci Protokolunun tətbiqi və Avropa İttifaqının müvafiq tələblərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm töhfə verəcəkdir.