Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin iştirakı ilə ADA Universitetində anım tədbiri keçirilib
Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ADA Universitetində anım tədbiri keçirilib.
Tədbirdə Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin şəhid övladlarından ibarət musiqi qrupu, ADA Universitetinin professor-tələbə heyəti, İkinci Qarabağ müharibəsində canından keçən lənkəranlı şəhidlərin övladları iştirak ediblər.
Tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid övladlarından ibarət musiqi qrupu Xocalı faciəsinə həsr olunmuş “Mən şəhid övladıyam, Vətən əmanəti!” adlı bədii kompozisiya ilə çıxış edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, eləcə də şəhidlərin ailə üzvləri çıxış edərək Xocalı faciəsinin ağır nəticələrindən danışıblar. Çıxışlarda gənclərin öz zəkaları və elmi nailiyyətləri ilə xalqımıza xidmət etməsi, bu yolla ölkəmizin adını ucaltmağa çalışmasının zəruriliyi vurğulanıb.
ADA İbtidai Məktəbinin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Anım mərasimi “Xocalı”, “Ey Vətən”, “Zəfər” və digər musiqi əsərlərinin ifası ilə davam edib.
Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın sədası altında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə olan ehtiramın nümayişi ilə başa çatıb.





MUASİRMEDİA.AZ
ZENFİRA
ZENFİRA