Biləsuvarın Əliabad kəndindən MUASİRMEDİA.AZ saytına müraciət edən Qabil Qasımov deyir, 4 ildir ki, pensiyamın bərpası ilə bağlı döymədiyim idarə qapısı qalmayıb. Amma düzəlmir ki, düzəlmir… 54 yaşlı Qabil Qasımov Biləsuvarın Əliabad kəndində yaşayır. Sovet ordusunda xidmətini başa vurduqdan sonra həmin illərdə ermənilərin torpaqlarımıza qarşı başladığı I Qarabağ savaşında o, da könüllü olaraq Ağdama yollanıb. 1992-1993-cü illərdə gərgin döyüşlərin iştirakçısı olub. Həmsöhbətimiz deyir ki, döyüşlərdə bədənimin yeddi nahiyəsindən aldığım qəlpə yaralarından sonra xidmətimi davam etdirə bilməyib təxris olunmuşam. Nəhayət 2015-ci ildə müraciətlərimə baxılaraq, xidməti dövrümdə aldığım travmalarla bağlı bütün hüquqi sənədlərimə əsasən mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən III qrup əlillik pensiyası və Prezident təqaüdü təyin edildi. Həmin pensiya 6 il sonra 2021-ci ildə naməlum səbəbdən kəsilib. Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, ” Biləsuvar rayon sakini 1971-ci il təvəllüdlü Qasımov Qabil Şükür oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişləri əsasında 10.08.2022, 03.07.2023 və 29.08.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin hər üç müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib”. Qeyd edək ki, Qabil Şükür oğlu Qasımov 2015-ci ildən 2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar TSEK tərəfindən III dərəcəli əlillik pensiyası ilə təmin edilib.
MUASIRMEDIA.AZ
Yaqub Mehdioğlu Biləsuvar
Yaqub Mehdioğlu Biləsuvar