1967-ci il Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında rəsmi səviyyədə, respublika ərazisində qeyd olunub. Qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan kommunistlərinin o vaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, ədəbiyyatşünas Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir…
Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün dörd dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə əlindən yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü səbəbi məlum olmayan sui-qəsddən də xilas ola bilir. Lakin mayın 23-də stomatoloq Əliağa Əhmədovun yanına gəlir. Həkimin ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişir…