Bakı Kitab mərkəzində 160 illik Həbib Mahmudbəyovun 160 illik

Mədəniyyət
Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxının nüfuzlu şəxslərindən olan Hacı İbrahimxəlil bəyin ailəsində dünyaya göz açıb. Babası Mahmud bəy İrandan gəlmə azərbaycanlı olub. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq Nadir şah Əfşarın xəzinədarı imiş.
Atası Hacı İbrahimxəlil bəyin II dərəcəli bəylik titulu 1876-cı ildə Bakı Bəy Komissiyası tərəfindən təsdiq edilmişdir. Hacı İbrahimxəlil bəyin qardaşı Hacı Zeynalabdin bəy Mahmudbəyov (1834-?) tacir idi. Hacı İbrahimxəlil bəyin oğlanları: 1) Mahmud bəy (1839-?)…, 2) Məşədi İsmayıl bəy (1842-?), 3) Əbdülbağı bəy (1843-?), 4) Hacı Əliabbas bəy (1847-?), 5) Əsədulla bəy (1853-?), 6) Həbib bəy (1864-1928), 7) İbadulla bəy (1871-?),8)Əliəsgər bəy (1872-?), 9) Seyfulla bəy (1876-?)”, qızları Sübhi xanım və Fərrux xanım olub.
Səkkiz yaşında- 1872-ci ildə Həbib bəy Şamaxıda məhəllə məktəblərindən biri olan katib Mirzə Hüseyn adlı mollanın məktəbində oxumuş, bu məktəb haqqında özü aşağıdakıları yazmışdır:
“Məktəb məsciddə geniş və natəmiz bir otaqda yerləşirdi. İri yaşlı şagirdlər taxt üstündə, kiçiklər isə yerdə otururdular. Sinifdən səs-küy heç bir zaman əskik olmurdu. Çünki molla hamının Quranı bərkdən oxumasını tələb edirdi…
“Məktəbə təzə gəldiyim üçün mənə ərəb əlifbası öyrədirdilər. Əlifbanı qurtardıqdan sonra Quran oxumağı öyrənməyə başladım. Biz ana dili dərsi keçmirdik, dərsliyimiz də yox idi. Bir tərəfdən dərslərin başa düşmədiyim dillərdə keçilməsi, digər tərəfdən şagirdlərə hər gün cəza verilməsi məktəbə olan həvəsimi söndürdü və mən oraya getməkdən boyun qaçırdım”.
Sonra təhsilini Şamaxının şəhər məktəbində almış, 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağıldığı üçün Bakıya gələrək təhsilini real məktəbdə davam etdirmişdir.
Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultan Məcid Qənizadə ilə bir yerdə Tiflisə gedərək oradakı Aleksandr Müəllimlər İnstitutunun tələbəsi olur. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultan Məcid Qənizadə ilə Bakıya dönür.
O, Azərbaycanın ilk 3 ali təhsilli müəllimindən biri olmuşdur (Süleymanbəy Əbdürrəhmanbəyzadə).
Həbib bəy tələbə yoldaşı Sultanməcid Qənizadə ilə birlikdə Bakıya gəldikdən sonra Bakıda şəhər məktəblərinin birində müəllim olmaq arzusunda idi. Lakin həmin dövrdə Rus Çarının maarif naziri qraf Delyanovun verdiyi əmrə görə xristian olmayan müəllimlərin xristian uşaqları oxuyan məktəblərdə işləməsi qadağan idi. Bu səbəbdən onlara şəhər məktəblərində müəllimlik etməyə icazə verilməyib.
. Bu zaman iki dost Qafqaz Tədris Dairəsinə ərizə yazaraq Bakı şəhərində ilk Rus-Türk məktəbi açmağa icazə istəyirlər. Böyük çətinliklərdən sonra onlar Dairənin 1887-ci ildə Bakıda ilk rus-türk məktəbini yaradırlar. Bu, Azərbaycanda maarifin inkişafına təkan verən çox böyük hadisə idi. Lakin onların qarşısında məqsədə çatmaq üçün böyük çətinliklər var idi. Bir müəllim olaraq qarşılarında duran çətinlikləri Həbib bəy belə təsvir edir:
“Bütün Rusiyada bizim məktəblər müdhiş bir vəziyyətdə idi… Ana dili hər yerdə gözdən düşmüşdü. Onu öyrənmirdilər. Bir dənə də olsa türkcə dərslik yox idi… Biz – şüurlu gənc müəllimlər necə olursa olsun öz ana dilimizi diriltməli, rus-tatar məktəblərində onun məcburi bir fənn kimi keçilməsinə nail olmalı…, dərsliklər tərtib etməli, ruscadan türkcəyə uşaq hekayələri tərcümə etməli, qiraətxana və kitabxanalar açmalı, uşaq jurnalları nəşr etməli idik”.
Yeni açılan məktəbin problemlərindən biri də oraya şagird cəlb etmək idi. Bu sahədə də çətinliklər özünü göstərirdi. Bu barədə Həbib bəy aşağıdakıları yazırdı:
“Rus-türk məktəbi açmağa məni vadar edən bir səbəb də bu idi ki, müsəlman balaları biliklərinin çatışmaması, yaxud doğum şəhadətnaməsinin yoxluğu üzündən orta məktəblərə çox çətinliklə daxil olurdular. O zaman doğum şəhadətnaməsi məsələsi ən vacib məsələ idi, odur ki, mən Tiflisə gedib bu mühüm məsələni şeyxülislam və müfti ilə nizama salmağı özümə mənəvi borc bildim. Tezliklə Tiflisdən doğum şəhadətnaməsi aldıqadan sonra biz bir çox istedadlı uşaqları məktəbə qoya bildik. Onlardan bir çoxu, məsələn, Mirzədavud Hüseynov, Məşədi Əzizbəyov, Tağı Şahbazi və başqaları həmin məktəbdə təhsil almağa başladılar. Bakının bu ilk özəl rus-türk məktəbi 3 otaqdan ibarət idi. Sinif məşğələləri üçün ayrılan 2 otaqda 16 parta, 2 yazı taxtası, 2 masa və bir neçə stul vardı. 3-cü otaq isə müəllimlər otağı idi. Bu məktəbdə türk, fars və rus dilləri, eləcə də hesab və şəriət dərsləri keçirilirdi.”
Həbib bəy hesab və rus dilini, Sultanməcid isə türk və fars dillərini öyrədirdi. Məktəbdən elə də qazanc əldə edə bilməyən bu iki müəllim maddi korluq çəkirdi. Onlar boş vaxtlarda özəl dərslər verir, xəritə və yazı nümunələri çap etdirib satmaqla dolanırdılar. Buna görə məktəbin maddi vəziyyətini bir qədər yüngülləşdirmək məqsədi ilə onu dövlət hesabına keçirməyi Bakı Şəhər Dumasından xahiş etmişdilər. Bundan sonra onlar Dumanın Məktəblər Komissiyasından ildə 600 manat ala biliblər. Onların ən önəmli uğurlarından biri də bu məktəbi bitirən şagirdlərin indiyədək müsəlman uşaqlarının demək olar ki, götürülmədiyi Bakı real məktəbinə, eləcə də texniki və ticarət məktəblərinə qəbul olunmasına nail olmaları idi.
Rus-türk məktəbini ilk 4 ildə 100-ə yaxın şagird bitirib.
Daha sonralar rus-türk məktəbləri yalnız Bakıda deyil, Azərbaycanın qəzalarında da açıldı. Məsələn, 1889-cu ildə Naxçıvanda, 1901-ci ildə Gəncənin Bağbanlar məhəlləsində qız rus-türk məktəbi təşkil edildi. 1913-cü ildə Azərbaycanda artıq 13 rus-türk məktəbi vardı. Onlardan 9-u oğlan, 3-ü qız və 1-i də 6-sinifli rus-türk şəhər məktəbi idi. 70 müəllimi olan bu məktəblərdə 2243 oğlan, 337 qız təhsil almışdı ki, onların hamısı türk idi.
Mahmudbəyov öz məktəbində çalışmaqla yanaşı, 1889-1891-ci illərdə Bakı Mixail şəhər məktəbində də müəllimlik edib.
O, bir sentyabr 1905-ci ildən 1916-cı ilədək Bakı 2-sinifli şəhər məktəbinin müdiri vəzifəsində işləyib.
Həbib bəy yalnız pedaqoji fəaliyyətlə məşğul olmur, Bakıda mədəniyyət və incəsənətin, özəlliklə teatrın inkişafına böyük diqqət yetirirdi. O, milli teatrımızın yaradılmasının təşkilatçılarından biri hesab olunur. Onun teatr truppası 1895-ci ildə Nəriman Nərimanovun “Nadanlıq”, 1896-cı ildə isə “Şamdan bəy” pyeslərini Bakıda tamaşaya qoyub. Həmin truppa 1898-ci ildə Bakıda yoxsul şagirdlərin xeyrinə Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərini səhnələşdirib.
Həbib bəy Mahmudbəyov eyni zamanda çox xeyirxah bir şəxsiyyət olmuşdur. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinski kimi böyük bir aktyoru Azərbaycan xalqına qazandıran da o olmuşdur. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə “rus-türk” məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, “Üçüncü rus-türk” məktəbinə daxil olan Hüseyn burada təhsilini davam etdirir.
Həbib bəy 1906-cı ildə “Nicat” Cəmiyyətinin təşkil etdiyi Azərbaycan müəllimlərinin I Qurultayında nümayəndə kimi fəal iştirak edib.
Bir iyun 1907-ci ildə Bakı Xeyriyyə Cəmiyyətinin iclası keçirilib və Mahmudbəyov Cəmiyyətin sədri, Mehdi bəy Hacınski isə katibi seçiliblər.
Həbib Mahmudbəyov 1897-ci ilin oktyabrnda Bakı Şəhər Dumasına keçirilən 6-cı seçkidə bu qurumun üzvlüyünə layiq görülmüş 28 müsəlman deputatdan biridir. O, Dumanın Cümhuriyyət dönəminə qədər bir deputat kimi Məktəblər Komisiyassının üzvü olaraq geniş fəaliyyət göstərmişdir.
Məlumdur ki, Birinci dünya müharibəsinin ilk çağlarından savaş bölgələrindən Bakıya qaçqınlar gəlməyə başlamışdır. 22 dekabr 1914-cü ildə Bakı Şəhər Duması yanında Qaçqınlar Komitəsi yaratmışdır. Onun tərkibindəki üç nəfərdən biri Həbib bəy idi. Sonralar Bakıdakı müxtəlif xeyriyyə cəmiyyətlərinin nümayəndələri də həmin Komitəyə qoşuldular.
Cümhuriyyət devrildikdən sonra müəllimlərə kəskin ehtiyacın duyulduğu Bakıda Mahmudbəyovun qarşısında geniş imkanlar açılıb. Bu işdə Nəriman Nərimanovun ona hörmət bəsləməsinin də müsbət təsiri olub. O, Fətulla bəy Rzabəyli və Rəhim Cəfərovla birlikdə Azərbaycan Dövləti Türk Ali Pedaqoji İnstitutunun təşkilində yaxından iştirak edib və 1924-cü ildə onun müdir müavini, 1925-1927-ci illərdə isə direktoru olubmuşdur.
Həbib bəy Mahmudbəyov Kəbutər xanım Hacı Rza qızı (1874-1943) ilə ailə qurub. Onların Şamil bəy (25.05.1898-16.10.1936), Kamil bəy (03.02.1902-1938) və Xəlil bəy (doğ. 1904) adlı 3 oğlu və Sona xanım (1900-1964) adlı qızları olmuşdur.
Şamil bəy Mahmudbəyov Xalq Cümhuriyyəti dövründə və inqilabdan sonra müxtəlif vəzifələrdə işləsə də 1936-cı ildə güllələnmişdir.
Kamil bəy Mahmudbəyov natamam ali təhsilli idi. Şərq musiqisi ansamblında musiqiçi kimi çalışırdı. Moskvada yaşayıb, 22 noyabr 1937-ci ildə həbs edilərək 15 mart 1938-ci ildə güllələnmişdir.
Xəlil bəy Mahmudbəyov 1930-cu ildə Moskvada Timiryazev adına kənd təsərrüfatı akademiyasının aspiranturasına daxil olub. 1937-ci ildə həbs edilərək öncə Komiyə, sonra Qazaxıstana sürgün edilib. 1954-cü ildə sürgündən qayıdıb, 1956-cı ilə bəraət qazanıb, bir il sonra Moskvaya köçərək orada Azərbaycan SSR Baş Təchizat İdarəsi Moskva şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Sona xanım Mahmudbəyova Bakıda 1918-ci ildə Mariya qız gimnaziyasını bitirmişdir.
Həbib bəy Mahmudbəyovun adı Azərbaycan pedaqogika tarixinə qızıl hərflərlə yazılmışdır. Bakı şəhərinin Səbail rayonunda yerləşən İki nömrəli Texniki Humanitar Lisey onun adını daşıyır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir