1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla bir dövrdə oxuyub, yataqxanada eyni otaqda qalıb, möhkəm dost olublar. Kasıb tələbə gənclər təqaüdlə güclə dolanıblar, çox vaxt heç çörək almağa da pul tapmayıblar. Salam Qədirzadə danışarmış ki, ac vaxtları çox olub. Onlar bəzən Moskva yeməkxanalarında masaların üstünə pulsuz qoyulan çörək və xardaldan götürüb yeyərmişlər ki, ürəklərində durum olsun.
MUASİRMEDİA.AZ