Heydər Əliyevin bacısı Şəfiqə xanım anası İzzət xanıma həsr etdiyi “Mənim anam” adlı kitabında yazır: “Anam İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub. Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu babam Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı Alagöz Məhəmməd. Anam İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli kəndində yaşayanların hamısı bizim tayfamız hesab olunur. Dağ qızı olan anam elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiətli, utancaq olduğu üçün babam onu çox sevərmiş. Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə – Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Atam Əlirza və anam İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin anamın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, “qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim”. Məsmə, Səkinə, Rzaqulu, Humay…Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”.
MUASİRMEDİA.AZ