Elman Nəsirov: “Barəsində cinayət işi açılmış şəxslərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”

Siyasət
Elman Nəsirov: “Barəsində cinayət işi açılmış şəxslərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”
Martın 16-dan etibarən Baş Prokurorluq mətbuatda yaydığı bildirişlərlə mühacirətdə olan bir sıra müxalif azərbaycanlıları istintaqa çağırıb.
Mətbuatda ard-arda dərc olunan bildirişlərlə mühacirlər Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qurban Məmmədov, İlqar Hacıyev, Elşad Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar.
Bildirilib ki, mühacirlərin hər biri müxtəlif cinayət işləri üzrə təqsirləndirilən şəxs kimi cəlb olunublar və bir neçə il əvvəl məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ancaq onlar ölkədə olmadıqları üçün axtarışa veriliblər.
Müxalif mühacirlər hakimiyyətin zorla ələ keçirilməsinə çağırış, dələduzluq və bu kimi bir çox maddələrlə ittiham olunurlar.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Pravda”ya bildirib ki, barəsində cinayət işi açılmış şəxslərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq.
“Qabil Məmmədov Almaniyada yaşayır. Arxayındır ki, Almaniya hüquq-mühafizə orqanları onu verməyəcək. Məhəmməd Mirzəli isə Fransada yaşayır və güman edir ki, Azərbaycan-Fransa münasibətlərinin gərginliyi fonunda Fransa onu Azərbaycana təqdim etməyəcək. Yalnış düşüncədir. Mütləq onlar ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Yaxın perspektivə ümid bəsləyirik”, – o bildirib.
Prokurorluğun İlqar Hacıyevlə bağlı yaydığı məlumatda qeyd olunub ki, əgər qeyd olunan vaxtda istintaqa gəlməsə, iş icraata verilə və barəsində qiyabi məhkəmə hökmü çıxarıla bilər. Qiyabi hökm tendensiyasının digər mühacirlərə münasibətdə də tətbiq ediləcəyi ehtimal olunur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir