Hacı Zeynalabdin Tağıyev oğlu Məhəmmədi evləndirmir. İstəsəydi, o zaman dünyanın ən dəbdəbəli toyunu edə bilərdi. Amma bunu etmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin, necə deyərlər, atasının var dövlətinə arxalanmadan bərkə – boşa düşsün. Oğlu da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır…
Diviziyada xidmət göstərən cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar: görəsən, güllə kimin başında açılacaq? Hacı Zeynalabdin Tağıyevin həmin diviziyada – Lənkərandakı “Vəhşi diviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd də bu yolla bəxtini yoxlayarkən tapança açılmış və onu öldürmüşdü. Bu hadisə o illərdə böyük səs-küyə səbəb olmuşdu; bütün Bakı hacının “canına qəsd edən” oğlundan danışırdı. Bəziləri isə Məhəmmədin hər hansısa bir qruplaşma tərəfindən öldüyünü dilə gətirirdi…
Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfn-kəfndən sonra zabitlər geriyə qayıdarkən İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərksilah edir. Bu hadisədən “Dikaya diviziya”nın şəhərdəki başçıları bərk narazı qalırlar.
Hacının qızı Sara xanım xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi. Hamıdan çox onu sevirdi. On səkkiz yaşı vardı… Bir qıza vurulmuşdu. Anam çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın.
Yeznəmiz, Şəmsinin oğlu Əli Əsədullayev dilə tutub Məhəmmədi apardı Lənkərana – “Dikaya diviziya”ya. Müsəlmanlara kommuna icazə vermirdi Bakıda silahlı qoşun saxlasın. Ona görə Lənkəranda hərbi hissə düzəldirdilər. Anam qoymurdu getsin. Üç dəfə adam göndərdik ki, qaytarsınlar. Baş tutmadı. Məhəmməd qulaq asmadı. Görünür taleyi belə imiş. Nə isə… Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, töylədə yatırıq, başımızın altında yəhər… Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı, saqqalından yaş damcılayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: “Мамед застрелился”.
Əvvəl anama demədik. Əli cənazəni Bakıya gətirib, birbaşa “Təzə pir” məscidinə apardı, kəfənlədib qoydurdu tabuta. Atam zala xalı-xalça döşətdirdi. Mollalar gəldi. Matəm mərasimi başladı.
Bibiheybət məscidi yanında yerimiz vardı. Qəbiristanda hasara alınmışdı. Əvvəlcədən bir neçə qəbir hazırlayıb üstünü örtmüşdülər. Məhəmmədi orda basdırdılar. Babam və nənəmin də qəbri orada idi. Anam əhvalatı biləndə ürəyi getdi. Bayıldı. Ondan sonra huşunu itirdi. Tez-tez qəbir üstə gedirdi”
Mənbə: Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Bakı-1987.
Manaf Süleymanov Azərbaycan milyonçular: Hacı Zeynalabdin Tağıyev, Bakı-1996.
MUASİRMEDİA.AZ
Məcid Rəşadətoğlu