Fotoda görkəmli alim, ədəbiyyatşünas, yazıçı-publisist, nasir, dramaturq Şıxəli Qurbanov, həyat yoldaşı Xavər xanım, qızı Gülnarə və oğlu İlqar.
Azərbaycanda Novruz Bayramı rəsmi səviyyədə ilk dəfə “Bahar” bayramı adı altında 1967 – ci ilin mart ayında qeyd olunub. Amansız təzyiqlərə, qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında akademik Vəli Axundovun və tanınmış yazıçı – dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir. Bu işdə Şıxəli Qurbanovun zəhməti xüsusilə qeyd olunmalıdır. Çünki Novruz Bayramının rəsmi səviyyədə qeyd olunmasında ən böyük zəhməti məhz Şıxəli Qurbanov çəkibdir…
Bu barədə qələmə alınmış məqalələrə müraciət etdikdə, oxuyuruq ki, sözügedən tarixdə, yəni 1967 – ci ilin martında Novruz Bayramının qeyd edilməsinə Moskva ciddi narazılığını bildirib. Hətta Şıxəli Qurbanova bu niyyətindən əl çəkməsi üçün rəhbərlik tərəfindən xəbərdarlıq da edilib. Kənar qüvvələr Novruz bayramını islam dini ilə əlaqələndirib, Şıxəli Qurbanovun əsl adının isə Şeyx Əli olduğunu deyiblər. Lakin bu böhtanlara, töhmətlərə dözməyən Şıxəli Qurbanov dəfələrlə rəhbəriliyin üzünə etiraz edib. Nəticədə o, “yuxarıların” tapşırığı ilə dərhal Moskvaya çağırılıb…
Şıxəli Qurbanov Moskvaya yola düşərkən Novruz bayramının dinlə heç bir əlaqəsi olmaması barədə 22 səhifəlik izahat yazır. Qələmə aldığı izahatda tutarlı faktlar gətirməsinə, milli bayramın dinlə, şəriətlə heç bir əlaqəsinin olmadığını qeyd etməsinə baxmayaraq, o, rəhbəriliyi inandıra bilmir. Daha doğrusu, onlar bu həqiqətə inanmaq istəmirlər. Moskvadan geri qayıtdıqdan bir müddət sonra Şıxəli Qurbanov təqib edildiyini hiss edir. Adi günlərin günlərin birində o, həyat yoldaşı Xavər xanıma deyir: “Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın”.
1967 – ci il may ayının 23 – də Şıxəli Qurbanov “Sənsiz” pyesinin ictimai baxışına gəlir. Amma o, diş həkiminə getmək üçün ictimai baxışı tez tərk edir və aktyorlara deyir: “Gedirəm, əgər gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”.
Xalq arasında böyük hörmət və nüfuz qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə ondan yan keçir, ikinci dəfə dövlət xadimini avtomobillə vurmaq istəyirlər, üçüncü səbəbi məlum olmayan sui-qəsddən də xilas ola bilir. Lakin 1967 – ci ilin 23 mayında stomatoloq Əliağa Əhmədovun yanına gəlir. Dostunun ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişir. Şıxəli Qurbanovu qətlə yetirən həkim Əliağa Əhmədov bu hadisədən sonra pəncərədən qaçır. Tibbi araşdırmadan sonra məlum olur ki, Şıxəli Qurbanov vurulan iynənin təsirindən şoka düşüb və yerindəcə keçinib. Həkim isə dövlətin bu hadisəyə guya sui-qəsd donu geydirəcəyindən qorxduğu üçün pəncərədən qaçıbmış…
Lakin Şıxəli Qurbanovun ölümü ilə bağlı başqa bir mülahizədə deyilir ki, görkəmli dövlət xadiminin bədəninə həkim tərəfindən yüksək dozada sianid turşusu yeridilibmiş. Adıçəkilən kimyəvi maddənin bir damlası belə insanı məhv etməyə kifayət edir…
Allah Şıxəli Qurbanova rəhmət eləsin!
MUASİRMEDİA.AZ
Məcid Rəşadətoğlu.