Azərbaycan teatr və kino tarixinin nəhəng aktyoru, qeyri-adi səs tembrinə malik olan əvəzsiz sənətkar, Azərbaycan SSR Xalq artisti Yusif Vəliyevin gənclik fotosu.
Yusif Abdulla oğlu Vəliyev 1917-ci il martın 22-də Dərbənd şəhərində anadan olmuşdur. Bakı Teatr Texnikumunu bitirmiş və həmin vaxtdan – 1936-cı ildən Şəki Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır. Burada o, Aydın, Oqtay, Elxan (C.Cabbarlı -«Aydın», «Oqtay Eloğlu», «Od gəlini»), Vaqif (S.Vurğun – «Vaqif») və digər yaddaqalan obrazlar yaratmışdır. Yusif Vəliyev 1949-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış etmişdir. Əsas rolları: Lenin (M.Şatrov – «İnqilab naminə»), Gəray bəy (S.Vurğun – «Komsomol poeması»), İmamyar (C.Cabbarlı – «Yaşar»), Ovod (E.Voyniç – «Ovod»), Rüstəm (Firdovsinin «Şahnamə» poeması əsasında – «Söhrab və Rüstəm») və digərləridir.
“Nəsimi” filmində Əmir Teymur, “Arxadan vurulan zərbə” filmində isə Qurd Cəbrayıl obrazlarına həyat verən görkəmli aktyor bu rollarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz buraxmışdır…
1980-ci ilin 18 mart günü…Xalqımız özünün ən gözəl bayramına – Novruza hazırlaşırdı. Böyük sənətkarımız Yusif Vəliyev isə həm də 4 gün sonra 63 yaşını qeyd edəcəkdi. Ancaq ömür vəfa etmədi. O nə bayramı qarşılaya bildi, nə də ad gününü. Doğrudur, dostlar, tanışlar, sənətsevərlər yenə onun mənzilinə yığışdı. Amma bu dəfə Yusif Vəliyevi təbrik etməyə yox, onu son mənzilə yola salmağa. Azərbaycanın görkəmli aktyoru, Xalq artisti Yusif Vəliyev 18 mart, 1980-ci ildə dünyasını dəyişdi.
Allah rəhmət eləsin
MUASİRMEDİA.AZ