Bu gün Azərbaycan SSR Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin anım günüdür

Tarix
Bu gün Azərbaycan SSR Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin anım günüdür. 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb.
12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə, öyrənməyə çalışıb. Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış. Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir