Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri – Bakı-Şollar

Tarix
Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri – Bakı-Şollar…
Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına çəkilən bu su kəməri öz dövrünün ən sanballı layihələri sırasında idi. Su sarıdan əziyyət çəkən Bakı cammatı üçün, o cümlədən ətraf ərazilərdə məskunlaşan insanların suya olan tələbatını ödəmək üçün Bakı – Şollar su kəmərinin çəkilməsi böyük hadisə idi. Çünki həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi…
Kəmərin açılış mərasimi fevralın 18-də “Naxır bulağı”nın üstündə keçirilir. Yazıçı Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” kitabında oxuyuruq: “Qazı Mir Məhəmməd Kərim əlində Quran sözə başladı, dua oxudu və Hacıya kranı birinci açmağı təklif etdi. Hacı yanında dayanmış dəmirçi, kəmər çəkilişində çox zəhmət sərf etmiş Ağagavənin əlindən tutub bir yerdə kranı açdılar… Şəhər camaatının sevincini təsəvvür etmək çətin idi. Bütün məhəllələrdə qurban kəsildi, süfrələr açıldı…”
Bakı-Şollar xətti o dövrdə Qafqazda çəkilmiş ən böyük su kəməri idi. Baxmayaraq ki, layihə gücü (saniyədə 1,27 kubmetr) 30-cu illərdə əlavə quyuların qazılması, nasos stansiyasının gücünün 3 dəfə artırılmasından sonra təmin olunmuşdu. Bu, eyni zamanda dövrün unikal mühəndislik layihəsi idi. Ellipsoid formalı beton borular (hündürlüyü 1,7, eni 1,2 metr) özüaxımlığı təmin etmək üçün relyefdən asılı olaraq bəzi yerlərdə 2, bəzi yerlərdə 8 metr dərinlikdə yerləşirdi.
* * * *
Maraqlı bir məqamı sizin diqqətinizə çatdırım. Deməli, Şollar su kəməri layihəsinin mühəndisi Uilyam Lindleyi 1902-ci ildə Bakıdan qovmaq istəyiblər. Ancaq Tağıyev buna mane olub. Mühəndisə Kür və ya Samur çayından şəhərə su çəkmək üçün layihə hazırlamaq tapşırılır. Lakin Uilyam Lindley araşdırmalardan sonra təklif edir ki, Kür və Samurun suyu çirkli olacaq, gəlin suyu Şollar bulaqlarından çəkək. Bu təklif güclü mübahisə yaradır. Duma üzvləri (Bakı şəhər Duması) Lindleylə əlaqələrin kəsilməsini təklif edirlər. Bu vaxt Hacı Zeynalabdin Tağıyev (o illər milli burjuaziyanın lideri idi-M.R) söz alır: “Camaat, siz özünüzə yaxşılıq eləmək istəmirsiniz? Bu kişi daha təmiz su çəkmək istəyir, pis eləmir ki? Mən Lindleyin inadkarlığına təəccüb edirəm. Mən onun yerinə olsaydım çoxdan bu işi atıb çıxıb gedərdim.
Lindley Hacıya cavab verir: “Mən ingilis buldoquyam (ingilis iti). Buldoq dişini bir yerə batıranda onu buraxmır. Mən Bakıdan belə yapşımışam. Mən bu zalda oturan adamlar üçün işləmirəm. Mən yoxsul Bakılılara su vermək istəyirəm, özü də təmiz su vermək istəyirəm. Bu işi başa çatdırmamış heç yana gedən deyiləm. Lindley Duma üzvlərinin təzyiqlərinə baxmayaraq getmir və 1917-ci ilin əvvəllərində Şollar suyu Bakıya çatır…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir