Bir gün Azərbaycanın görkəmli din alimi, Axund Hacı Turab əfəndi Hacı Zeynalabdin Tağıyev üçün “Yasin” surəsini oxuyub

Tarix
Bir gün Azərbaycanın görkəmli din alimi, Axund Hacı Turab əfəndi Hacı Zeynalabdin Tağıyev üçün “Yasin” surəsini oxuyub tərcümə edirmiş. Surənin 82-ci ayəsinə, yəni “Allah bir şeyə iradə eləsə, ona “Ol!” deyər, o da dərhal olar.” fikrinə çatanda Hacı Zeynalabdin bir qədər tərəddüd edir və Axunddan soruşur:
– Mənim bu qədər var-dövlətim var. Allah istəsə bir anın içində əlimdən ala bilər?
Axund cavab verir:
– Bəli! Allah istəsə sənin bütün var-dövlətini bir anın içində göyə sovurar.
Axundun cavabı Hacını təəccübləndirir. Dininə, imanına bağlı bir şəxsiyyət olmasına baxmayaraq, Hacı ürəyində bu fikrə şübhə ilə yanaşır.
Bu hadisənin üzərindən illər keçir. Azərbaycanda Sovet hakimiyyəti qurulur. Və yeni hakimiyyətin qurulması ilə Hacı Zeynalabdin Tağıyevin bütün sərvəti əlindən alınır. Ailə səfil, acınacaq həyat yaşayır. Hətta bir zamanlar Hacı Zeynalabdin Tağıyevin əl tutduğu, iş verdiyi adamlar belə bu ailədən gen gəzir. Çünki dövrün hakimiyyəti tərəfindən “vətən xaini”, “millət düşməni” elan edilən bu ailəylə yaxınlıq etmək bağışlanmaz günah hesab edilirdi, dövlətə xəyanət sayılırdı. Ömürünün ahıl çağında, əldən-ayaqdan düşən Hacı Zeynalabdin Tağıyev vəsiyyət edir ki, öləndə onu özünə müəllim hesab etdiyi Axund Hacı Turabın ayağının altında dəfn etsinlər və fikrini belə əsaslandırır:
– Məni onun ayağı altında basdırın, çünki onun ayağının bildiyini mənim başım bilmir…
Fotoda: Axund Hacı Turab ağa və Hacı Zeynalabdin Tağıyev. Allah hər iki şəxsiyyətə rəhmət eləsin!

MUASİRMEDİA.AZ
MƏCİD RƏÇADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir