1967-ci ildə görkəmli yazıçı, dramaturq, ədəbiyyatşünas-alim Şıxəli Qurbanovun təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən Novruz bayramında (Bahar bayramı) ilk dəfə “Bahar qızı” obrazını unudulmaz aktrisamız Səfurə xanım İbrahimova canlandırmışdır…
* * * * * * * *
Azərbaycan kinosunun sevilən simalarından olan Xalq artisti, istedadlı teatr və kino aktrisası Səfurə İbrahimova 1938-ci ildə Bakıda dünyaya göz açıb. O, 1955-ci ildə Bakı şəhər 14 saylı orta məktəbi bitirib. Bir müddət (1955-1960) “Stalinneft”də, həmçinin 44 saylı orta məktəbdə işləyib, paralel olaraq dram dərnəyinə gedib. Sənətə olan böyük sevgisinə görə aktrisa olmağa, teatrda işləməyə qərar verib. Bu niyyətlə də, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964), professor Rza Təhmasibin kursunu bitirib.
İlk günlərdən sənət müəllimlərinin diqqətini cəlb edən gənc aktrisa birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrına dəvət alıb. İlk dəfə İslam Səfərlinin “Ana ürəyi” tamaşasında Xatirə rolunu oynayıb. Teatrda Xalq artistləri Hökümə Qurbanova, Sofya Bəsirzadə, Leyla Bədirbəyli və digər səhnə ustaları ilə tərəfmüqabili olub. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, sənət təcrübəsini artırıb. İnstitutu bitirdikdən sonra teatrda ştata götürülüb, xarici və yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar canlandırıb.
Səfurə xanımın teatrdakı peşəkar fəaliyyəti kino rejissorlarının diqqətindən yayınmayıb. Müsahibələrinin birində Səfurə xanımın kinoya gəlişi haqqındakı fikirləri diqqətimizi çəkir: “Hələ orta məktəbdə oxuyarkən məni kinoya dəvət ediblər. Yadımdadır, o vaxt sinfimizə gəlib kinoya çəkmək üçün qız uşağı axtardıqlarını dedilər. Gələnlərdən bir nəfər qadın sinfimizə göz gəzdirəndən sonra müəllimimdən mənim üçün icazə istədi… Beləliklə, ilk dəfə rejissor Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla roluna çəkildim. Film 1961-ci ildə ekranlara çıxdı”.
Sözügedən filmdəki uğurlu təqdimata, teatrdakı nailiyyətlərinə görə görkəmli kinorejissor Əlisəttar Atakişiyev Səfurə xanımı “Bizim küçə” (1961) filmində Asya roluna dəvət edir. Səfurə xanımın bəxti onda gətirir ki, kinoya gəldiyi ilk vaxtlardan görkəmli kinorejissorların (Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov və s.) filmlərinə dəvət alır. Aktrisaya növbəti yaradıcılıq uğurunu “Arşın mal alan” kinokomediyasında oynadığı qulluqçu Telli obrazı gətirir. Məşhur filmin təkrar (üçüncü variantda) ekranlaşdırılması böyük cəsarət tələb etsə də, görkəmli kinorejissor Tofiq Tağızadə fərqli quruluşda və aktyorların peşəkar təqdimatında musiqili komediyanı bir daha sevdirməyə, əsərə uğurlu ekran taleyi bəxş etməyə nail olur. Bununla yanaşı, görkəmli aktrisa “Yun şal” bədii televiziya filmində Südabə, “O qızı tapın” detektiv filmində Xalidə, “Tütək səsi” dramında İsmət, “Əlavə iz”də Leyla, “İmtahan” kinodramında Dilarə, “Təxribat”da Aida, “Qətl günü” tarixi dramında Sədi Əfəndinin arvadı, “Hökm” döyüş-macəra filmində Suğra və digər rolları ustalıqla ifa edib. Ümumiyyətlə, 1960-70-ci illərdə Səfurə xanım bir-birinin ardınca məzmunlu ekran əsərlərində rol alır. Bənzərsiz ekran personajları ilə yaradıcılıq uğuruna uğur qatır.
Görkəmli kinorejissor Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” (1969) filmində Nəcəfovun arvadı obrazı Səfurə xanımın kinoda baş və ikinci planlı rollara dəvət almasına imkan yaradır. Filmdə İkinci Dünya müharibəsində neft Bakısında yaşayan ailənin psixoloji, mənəvi durumu göstərilir, həmçinin ön cəbhədən həyat yoldaşının qara xəbərini alan obrazın təfsirində Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı, həmin illərdəki çətin güzəranı göz önündə canlanır. Səfurə xanım kinorejissor Vladimir Qorikkerin ekranlaşdırdığı “Sevil” (1970) film-operasında da Dilbər rolunu böyük şövq və məharətlə oynayır.
“Qatır Məmməd” filmində köməkçi obrazlardan olan Həbibə rolu aktrisanın realist üslubda, fərqli çalarlarla canlandırdığı personajdır. Bununla belə, “Alma almaya bənzər” musiqili kinokomediyasındakı Mədinə obrazı və “Qayınana” musiqili komediyasındakı Sədaqət obrazı ilə tamaşaçıların qəlbində dərin iz salan, sənətsevərlərin yaddaşında əbədiləşən aktrisanın sənəti dövlət tərəfindən yüksək qiymətləndirib. Sənətdə göstərdiyi xidmətlərə görə 1974-cü ildə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 1984-cü ildə isə Dövlət mükafatına layiq görülüb. Səfurə İbrahimova 2020-ci ildə, 82 yaşında dünyasını dəyişib…
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU