Fotodakı qadın Teyfə xanımdır. “Qarlı aşırım” romanının və “Axırıncı aşırım” filminin qəhrəmanı Qəmlonun (Qəmbəralı) həyat yoldaşı.
…Qəmlonun Mafərə, Mahı, İbrahim, Əşrəf adlarında 4 övladı olub. Onun ölümündən (1931) bir neçə il sonra kiçik oğlu Əşrəf vəfat edib. Qəmlonun ailəsi başsız qalmasın deyə, ögey qardaşı Mehdiqulu onun arvadı Teyfə ilə ailə həyatı qurub. Bu nikahdan da üç uşaq dünyaya gəlib…
* * * * * * *
Qəmlo ləqəbi ilə tarixdə iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərmiş. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. Bununla yanaşı, Qəmlo 1918-ci ildə türk – müsəlman əhaliyə qarşı törədilən soyqırımlar zamanı daşnaklarla mübarizə aparıb…
Bolşevik hökumətinin qurulması ilə əski dostlar (yəni Abbasqulu bəy Şadlinski və Qəmlo) da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. 72 kəndin dəliqanlılarını başına yığıb, qırmızılarla “çilingağac” oynamağa başlayır. Əski silahdaşının taleyinə biganə qalmayan Şadlinskiyə sonda Qəmlonu ipə-sapa yatırtmaq müyəssər olur. Beləcə, aradan bir müddət keçir. Qəmbəralının qardaşı Vəli Hand kəndinin Şura sədri seçilir. Kolxozların yaradılmasıyla münasibətlər yenidən gərginləşir. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Qarabağlar rayonunun Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayı İsmayılla birləşir. Yenidən 72 kəndin dəliqanlılarını başına toplayır. Bolşeviklərin qəfil hücumlarından qorunmaq məqsədiylə də kəndlərin yeganə giriş-çıxış qapısında keşikçi məntəqəsi qurur. İstər Kərbəlayı İsmayıl, istərsə də Qəmlo ilə kəsdiyi duz-çörəyə, dostluğa sadiq qalan Abbasqulu bəy Şadlinski bu dəfə də barışıq missiyasını öz üzərinə götürür. Bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşüb-söhbətləşmək qərarına gəlir. Kolxoz sədri Xəlil və bolşevik Talıbovla yola çıxan Şadlinski Qəmlo və Kərbəlayı İsmayılla görüşüb, geri dönərkən qətlə yetirilir. Filmin ssenarisinə görə Abbasqulu bəyi bir vaxtlar ən etibarlı insan sayıb, sağ əli hesab etdiyi Qəmlo qətlə yetirir. Lakin Qəmlonun ailə üzvlərinin, yaxınlarının söylədiklərinə görə bu fakt filmin ssenari mətnində məqsədli şəkildə təhrif olunub. Yəni, Abbasqulu bəyi Qəmlo öldürməyib…
* * * * * * *
Hökumətin təqibdən yaxa qurtarmaq üçün Kərbəlayi İsmayılla Qəmlo ara sakitləşənə qədər Türkiyəyə sığınırlar. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Qəmlo Vedidə qalan qohumlarının incidiləcəyiniə görə geri qayıdır…
Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmayan Qəmlo, həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Teyfə xanım qarşısını kəsib, silahını götürməyə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir…Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, o, özünü itirmir, gücü çatdığı qədər müqavimət göstərir. Ancaq “düşmənlərinin” hücumundan xilas ola bilmir. Qəmlo kirvəsinin evində, onun süfrəsi başında qətlə yetirilir…
Teyfə xanım ərinin ölüm xəbərini alınca Qəmlonun qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur. Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Nəslin yazılmayan tarixçəsini yaşatmaq, ötənlərə işıq salmaqsa hazırda haqq dünyasında olan Mehdiqulunun qismətinə düşür…
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU