Azərbaycan Silahlı Qüvvələrinin mayoru şəhid Vəliyev Vüsal İslam oğlu 15 iyul 1988-ci il tarixdə Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq hərbin sirlərini öyrənib.
2012-ci ildə 3 aylıq XTQ təlimini uğurla başa vurub.
Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl–Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib.
Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb. Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhramancasına vuruşaraq şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Xidmət illərində mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Vüsal İslam oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Nişanlı idi.
RUHUN ŞAD OLSUN QƏHRAMAN QARDAŞIM.
MM.AZ