Bu da yerli sahibkarların olduqca narahat edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. 2023-cü ildə isə ölkədə 3228 vahid istixana var idi. Demək ki, ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. İstixanaların azalması Salyan rayonunda da özünü göstərir. Fermerlər bunu əsasən istixanalara verilən güzəştsiz qazın qiyməti ilə əlaqələndirirlər. 10 ildən çoxdur istixana işləri ilə məşğul olan Salyanın Qarabağlı kənd sakini Elim Əlicanov istər xarici, istərsə də yerli bazar üçün pomidor yetişdirir. Lakin bu gün onun da qarşılaşdığı problem eynidir. Sahibkar hər il davam edən güzəştsiz vəziyyətin istixana sahiblərinə mənfi təsir etdiyini deyir. Belə ki, xüsusilə istixanalara verilən qazın qiymətinə illərdir güzəşt olunmaması sahibkarların bu sahəyə maraq göstərməsinə mane olur. İqtisadçı ekspert Elzam Mehdiyevin sözlərinə görə istixana sahibləri xərclərini doğrudan da güzəştsiz qarşılayır. Sonda isə fermerin qazancı ya az olur, ya da qazanc götürə bilmir və böyük borcları yaranır. Nəticədə sahibkarlar bu sahədən üz döndərir. Mütəxəssis də istixanalara verilən qazın qiymətinə güzəştlər əlavə edilməsinin tərəfdarıdır. Ekspert bildirir ki, istixanalara verilən qazın qiymətinə edilən güzəşt həm də yerli məhsulun Rusiya və Türkmənistan bazarlarında daha böyük yer tutması ilə nəticələnə bilər. Bu da istixana sahibləri üçün daha çox gəlir deməkdir.
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan