Fotodakılar: Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir. Ayaq üstə dayanan isə Əbdürrəhim Tofiq Əfəndizadədir. Tarix ötən əsrin əvvəlləri

Tarix
Mirzə Ələkbər Sabir 1910-cu ilin axırlarında ağır ciyər xəstəliyinə tutulub Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedir və dostu Cəlil Məmmədquluzadənin evində qalır. Mirzə Cəlillə bərabər, “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni – yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o, buna razı olmur və Şamaxıya qayıdır. “Molla Nəsrəddin” jurnalı 1911 – ci il 14 – cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H. İ. Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “…qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 25-də (köhnə təqvimlə 12-də) Mirzə Ələkbər Sabir vəfat edir. Şairin məzarı Şamaxıda “Yeddi Guşə”dədir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir