Şəkildəki şəxs Heydər Əliyevin tərcüməçisi olmuş Şeyx Qulamrza ağadır.
O, dövrünün ən mahir din alimlərindən biri, ustad müəllim və tərcüməçi idi.
O, dövrünün ən mahir din alimlərindən biri, ustad müəllim və tərcüməçi idi.
Qasımov Qulamrza Məmmədrza oğlu 1883-cü ildə Lerik rayonunun Zenoni kəndinə anadan olub. Dindar bir ailədə doğulan Şeyx, ilk təlim-tərbiyəni ailəsindən alıb. 10 yaşı olarkən ailəsi tərəfindən Xorasan şəhərinə dini təhsil almağa göndərilib. Burada keçən bir neçə ilin ardından Şeyx Qulamrza Nəcəf şəhərində 3 il, Peyğəmbər şəhəri olan Mədinədə isə 4 il dini təhsil alıb. Hüsn-xətti gözəl olduğu üçün gənc din xadiminə “Qələm” təxəllüsü verilib. 1923-cü ildə Mirzə Qulamrza Azərbaycana qayıdıb. 1937-ci ildə, Stalin repressiyalarının yeni başladığı dövrdə o, sovet hakimiyyəti tərəfindən dini fəaliyyətinə görə həbs olunub. Lakin əhalinin köməyi və etirazı ilə azadlığa buraxılıb…
Şeyx Qulamrza dindar ailədə doğulmuş, dininə, imanına qırılmaz tellərlə bağlı olan Piruzə (Firuzə) adlı xanımla ailə həyatı qurub. Onların bu izdivacdan 3 qız, Əhməd və Rzaxan adında 2 oğlan övladları olub. Ailəsini daim islami qaydalar işığında tərbiyə edən Şeyx Qələm ağa, həm də ölkənin sayılıb-seçilən elm əhlindən, mərifət sahiblərindən olub. Qısa zamanda onun adı ali kürsülərdə çəkilib, haqqında çox yüksək fikirlər deyilib…
* * * * *
Görkəmli dövlət xadimi Heydər Əliyev DTK-nın (KQB) sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycana Küveytdən yüksək vəzifəli qonaqlar gəlir. Baş tutan ali görüşün tərcüməçilyini isə Şeyx Qulamrzaya tapşırırlar. Ərəb və fars dillərində sərbəst danışmağı bilən Mirzə Qələm ağa elə ilk görüşdə qonaqların rəğbətini qazanır. Rəsmi görüşdən sonra baş tutan səmimi söhbət zamanı qonaqlar “cənab Əliyev, sovet hökumətində belə zəkalı İslam bilicisinin olmasını ağlımıza belə gətirməzdik. Bu, böyük bir möcüzədir” demişlər. Hətta dəfələrlə Şeyx Qulamrza ağaya Bakı Dövlət Universitetində müəllim işləmək təklifi edilsə də, o, bununla razılaşmayıb, doğma kəndində yaşayıb din təbliğ etməyi daha üstün tutub.
Xalq arasında daim hörmətlə yad olunan, sadə alim, ruhani ömrü yaşamış Şeyx Qulamrza ağa 1984 – cü ildə 101 yaşında dünyasını dəyişmişdir. Məzarı doğulduğu Zenoni kəndindədir…
* * * * * *
Qeyd: Mirzə Qələm ağa haqqında daha ətraflı və geniş məlumatlar bu şəxsiyyətin ömür yolundan bəhs edən “Bəyaz saçların yaşıl işığında” və “Şeyx Qələm Axund” kitablarında mövcuddur. Mirzə Qələm ağanın Heydər Əliyevin tərcüməçisi olması faktı isə “Pərvanə” jurnalının baş redaktoru, Respublikanın Əməkdar jurnalisti İdris Şükürlünün “Şeyx Qələm Axund” kitabının 43-cü səhifəsində öz əksini tapıb (səhifə 43. Bakı – 2013).
MM.AZ
MƏCİD RƏŞADƏT OĞLU
MƏCİD RƏŞADƏT OĞLU