“Müsavat” fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanl

Tarix
Məmmədbağır Şeyxzamanlı Azərbaycan Parlamentində “Müsavat” fraksiyasının üzvü, milli dövlətimizin təhlükəsizlik orqanı olan “Əksinqilab ilə mübarizə təşkilatı”nın (indiki DTX) ilk rəisi olmuşdur. Məmmədbağır Şeyxzamanlı Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalından sonra da ölkəmizin istiqlalı uğrunda mübarizəsini dayandırmamışdır. O, 1920-ci ilin may ayında bolşevik rejimi tərəfindən həbs edilərək güllələnmişdir…
27 apreldə Azərbaycanı ələ keçirən bolşevik rusların qətlə yetirdikləri şəxslər arasında Cümhuriyyətin Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi, parlament üzvü Məhəmmədbağır Şeyxzamanlı da var. O, 1881-ci ildə Gəncədə doğulub, şəhərdəki real məktəbini bitirib. Məhəmmədbağır bəy Rəfibəylilərdən Həcər xanımla ailə həyatı qurub, Ruqiyyə adlı qızı olub. Həcər xanım Türkiyəyə mühacirətə gedib, daha sonra Amerikaya köçüb. Ruqiyyə xanım isə Türkiyədə Kamil Rəfibəyli Arranla evlənib, Aydın adlı oğulları, Nigar və Bərtan adlı qızları olub. Gənc yaşlarından ictimai-siyasi həyata qoşulub, mədəni fəaliyyətlə məşğul olub.
1906-cı ildə Gəncədə dram cəmiyyəti təşkil edib, Azərbaycan və Avropa dramaturqlarının əsərlərini tamaşaya qoyub. Ermənilərin Azərbaycan türklərinə qarşı başlatdıqları qırğınlara cavab olaraq Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə qurulan Difai təşkilatının Gəncə şöbəsinin yaradılmasında yaxından iştirak edib. Həmçinin o, Gəncə şəhər dumasının üzvü olub. 1917-ci il fevral inqilabı Azərbaycandakı ictimai-siyasi xadimlərin daha aktiv fəaliyyətə keçməsinə səbəb olub. Məhəmmədbağır bəy Nəsib bəy Yusifbəylinin sədri olduğu Türk Ədəmi Mərkəziyyət Firqəsinə daxil olub, daha sonra bu firqə Müsavatla birləşdiyi üçün böyük partiyada təmsil olunub. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti yarandığı zaman Məhəmmədbağır bəy orada fəaliyyətinə davam edib. Onun Azərbaycan tarixində ən önəmli fəaliyyəti isə dövlət təhlükəsizliyinin qorunması ilə bağlı yaradılan təşkilatın ilk sədri olmasıdır…
1919-cu il iyunun 9-da Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi. İki gün sonra, iyunun 11-də isə Azərbaycan parlamenti DMK yanında əks-kəşfiyyat orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi. Qurumun sədri parlamentin Müsavat fraksiyasının üzvü Məhəmmədbağır bəy Şeyxzamanlı oldu. O, təşkilata həmin ilin avqustun 20-dək başçılıq etdi. Şeyxzamanlının istefasından sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edildi. 1920-ci il aprelin 27-də ruslar Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra ölkədə yeni hökumət quruldu. Bu hökumət yaranması ilə bütün keçmiş qayda-qanunlar, o cümlədən cümhuriyyət dövründə yaradılmış idarəetmə strukturu tamamilə dəyişdirildi. Hökumət qısa zaman ərzində “günahkarları” yaxalayıb həbs etdi, sürgünə göndərdir. Böyük əksəriyyətinin taleyi daha acınacaqlı oldu; çünki onlar ədalətsiz məhkəmələrin çıxardığı amansız hökümlər nəticəsində gülləndilər. Öldürülən Cümhuriyyət üzvləri arasında Məhəmmədbağır Şeyxzamanlı da var. Nağı bəy qardaşı ilə son görüşünü belə təsvir edir: “1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etmək üçün tutmağa başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və “Müsavat” Partiyasının üzvü idi. Həbs olunduğunu ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayırdım. Nəhayət, “ÇeKa”dakıların ona “Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq” dediklərini öyrəndim və dərhal “ÇeKa”nın yerləşdiyi binaya getdim. Mən “ÇeKa”nın binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən görüb “Sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər mənə qulaq asmayıb içəri girsən, özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada”. Mən də pəncərəyə baxa-baxa geri çəkilərək “ÇeKa”nın binasının yanından uzaqlaşdım. Böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər”.
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə “İstila qurbanları” başlıqlı məqaləsində Məhəmmədbağır bəydən də bəhs edib, yazısında Məhəmmədbağır bəyin maraqlı bir xarakterini də verib: “Özü mülk və torpaq sahibi olduğu halda, firqə konqresində torpağın bədəlsiz olaraq mülkədarlardan alınaraq kəndlilərə verilməsini hərarətlə müdafiə etmişdi”.
Rəhmətlə anırıq…

MM.AZ
MƏCİD RƏŞADƏT OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir