Seminariyada oxuduğu illərdə canına qəsd etmək istəyən yazıçı

Tarix
Süleyman Sani Axundov. O, nə üçün intihar cəhd etdi?
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Qərənfil Dünyaminqızı yazır: “1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi. Bəs nə üçün Süleyman özünə qəsd etmişdi?
Tədqiqatçıların yazdığına görə, yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etiraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kiçik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançılıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb).
Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir. Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir.
Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin heç də xoşuna gəlmir. Belə olduqda Süleymanı cəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan birbaşa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir…
Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: “1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi”.
Tədqiqatçı alim Aslan Kənan isə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı əsərində bu hadisə haqqında məlumat verərək seminariya rəhbərliyinin, xüsusən də N.S.Streletskinin direktorluq etdiyi illərdə apardığı intiriqabazlıqdan, azərbaycanlı seminaristlərə qarşı etdiyi kobudluqdan və haqsızlıqlardan geniş bəhs edərək bu məsələyə aydınlıq gətirir.
Bu faktı A.O.Çernyayevskinin 1893-cü ildə Qafqaz Təhsil Dairəsinə yazdığı izahat bir daha təsdiq edir. S.S.Axundovun intihar cəhdini “özlüyündə fövqəladə dərəcədə qəmgin bir fakt” hesab etmiş və şagirdlərin bu vəziyyətə gəlib çıxmasının günahkarı N.S.Streletskini və onun seminariyada direktor olduğu dövrdə təlim-tərbiyə sahəsində apardığı yarıtmaz iş üsulu ilə əlaqələndirmişdir…”
Bu gün Süleyman Sani Axundovun anım günüdür. Allah rəhmət eləsin!

MM.AZ
MƏCİD RƏŞADƏT OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir