Axırıncı aşırım”ın həqiqi Kərbəlayı İsmayılı 1930-cu ildə bolşeviklərin təqibi ilə üzləşdiyi üçün Arazın o tayına keçmək məcburiyyətində qalır.
Ancaq ailəsində hamilə qadın olduğu üçün çıxılmaz vəziyyətə düşür, hamilə qadını özü ilə apara bilmir, qadının və bətnindəki körpənin bu ağır yolçuluğa dözə bilməyəcəyini anlayır. Buna görə Kərbəlayi İsmayıl hamilə gəlinini qan düşməni olan Usuboğlunun evinə gətirir:
Ancaq ailəsində hamilə qadın olduğu üçün çıxılmaz vəziyyətə düşür, hamilə qadını özü ilə apara bilmir, qadının və bətnindəki körpənin bu ağır yolçuluğa dözə bilməyəcəyini anlayır. Buna görə Kərbəlayi İsmayıl hamilə gəlinini qan düşməni olan Usuboğlunun evinə gətirir:
– Biz səninlə qan düşməniyik, Usuboğlu, bu qalsın öz yerində. Ancaq indi çox çətin bir haldayam. Gəlinimi Arazın o tayına keçirə bilmirəm. Ümid yerim sənsən. Ona görə gəlinimi göydə Allaha, yerdə sənə əmanət edirəm, – deyir. Usuboğlu dərin fikrə gedir və Kərbəlayının yanındaca öz arvadını çağırıb belə buyurur:
– Bu, Kərbəlayı İsmayılın gəlinidir, xanım. Onunla düşmənçiliyimiz öz yerində qalacaq. Ancaq bil ki, onun gəlini bizə əmanətdir. Gəlini sənə tapşırıram, onun başından bir tük əskik olsa, başını kəsərəm! Yoldaşına bunu deyib, Usuboğlu evdən oğlunu çağırır və öz balasını da girov kimi Kərbəlayıya verir. Deyir ki, Kərbəlayi, qayıdanda oğlumu evimə gətirib, gəlinini də sağ-salamat götürüb apararsan. Əgər gəlinin başından bir tük əskik olsa, övladımın qanı sənə halaldır…
Bir neçə ildən sonra Kərbəlayı İsmayıl Vətənə qayıtmalı olur. Ancaq o, ailəsi ilə geri dönəndə, Cənubi Azərbaycandan Arazı keçərkən ruslarla gülləbarana düşür və qan düşməninin oğlu hәmin atışmada ölür. Kərbəlayı meyidi götürüb, kəfənini də geyərək gəlir qan düşməninin qapısına. Deyir, buyur, Usuboğlu, öldür məni. Vətənə qayıdarkən sənin oğlun atışmada şəhid oldu, mən sənin əmanətini qoruyub saxlaya bilmədim…Qan düşməni Usuboğlu isə cavabında deyir: “Gəlinin oğul dünyaya gətirdi, Kərbəlayi. Gözün aydın olsun. Əmanətini götür apar, amma bir şərtim var ki, nəvənə mənim ölmüş oğlumun adını qoyarsan…”
Babalar var idi, aqil babalar,
Haqqın dərgahına enib getdilər.
Ayağa düşmədi elin namusu,
Yenilməz ordular yenib getdilər!
Arxa yarandılar obaya, elə,
Çapdılar atları belədən-belə.
Bir əlçim buluda, bir əsim yelə,
Bir çaxım şimşəyə dönüb getdilər.
Qurd kimi gödənlər yırtan görəndə,
Dünyanı dağıdan, dartan görəndə,
Namərdin sayını artan görəndə,
Sozalıb getdilər, sönüb getdilər.
Halal süd əmdilər, halal qucaqdan,
Halal qız aldılar, halal ocaqdan,
Düzgün ayırdılar haqqı, nahaqdan,
Haqqın sədasıyla dinib getdilər.
Nəfsi aldatmadı nə gümüş, nə zər,
Gözdən yayınmadı nə xeyir, nə şər.
Kişilər var idi, yaxşı kişilər,
Yaxşı köhlənləri minib getdilər.
Zəlimxan Yaqub.
MM.AZ
MM.AZ