Görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” ( və ya “İki od arasında”) romanının sonluğunda maraqlı bir səhnə var. Deməli, Qarabağ xanlığında hakimiyyət dəyişilir, İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əmisinin Dağıstanda olmasından istifadə edib hakimiyyəti ələ keçirir. Məqsədinə çatdıqdan sonra əmisinə sədaqətli olan adamları hakimiyyətdən uzaqlaşdırır. Molla Pənah Vaqif də sədaqətli adamların içində idi. O vaxtlar İbrahimxəlil xanın eşikağası imiş. Və xanlıqda baş verən hadisələri gizli qasid vasitəsilə İbrahim xana çatdırırmış…
Bir gün qasid ələ keçirilir. Və məlum olur ki, indiki dillə desək, Molla Pənah Vaqif dövlət çevrilişində iştirak edib. O dövrün qanunlarına görə həmin adamları da, ailə üzvlərini də edam gözləyirmiş. Belə də olur. Vaqifi də oğlu ilə aparırlar Xəzinə qayasına (bəzi mənbələrdə Cıdır düzünə) edama. Vaqif oğlundan soruşur ki, bizi hara aparırlar? Oğlu kinayə ilə cavab verir:
– Ağa, sən bu yola (yəni edama) çox adamları göndərmisən. İndi də bizi aparırlar…
Məhəmməd xanın əmri ilə birinci şairin oğlu, daha sonra isə özü edam olunur. Vaqifin ölümündən sonra onun əlyazmaları hakimiyyət tərəfindən müsadirə edilir və yandırılır, evi talan olunur…
Əməllər, bumeranq kimidir, Molla Pənah, nə qədər gec qayıtsa, zərbəsi bir o qədər güclü olur…

MM.AZ MƏCİD RƏŞADƏTOĞLU