Cen Mir Cəfər oğlu Bağırov 1932-ci il avqust ayının 9-da anadan olmuşdur. Böyük qardaşı Cahangir kimi onun da ilk müəllimləri doğma valideynləri olmuşdur. Ata – respublikanın rəhbəri Mir Cəfər Bağırov evdə həmişə müəllim, ana – Yevgeniya Mixaylovna tərbiyəçisi idi.
Cen də qardaşı Cahangir kimi 6 saylı məktəbdə oxumuşdur.
Cen də qardaşı Cahangir kimi 6 saylı məktəbdə oxumuşdur.
1943-cü ilin iyun ayında qardaşının məzarı başında (Bağırovun oğlu Cahangir İkinci Dünya Müharibəsində həlak olub – M.R) göz yaşlarım ürəyinə axıdan on bir yaşlı Cen qəti qərarını valideynlərindən gizlətməmişdir: “Cahangir kimi hərbçi olacağam!”
Orta məktəbi əla qiymətlə bitirən Cen Tbilisi şəhərindəki hərbi məktəbə qəbul olmuşdu. 1952-ci ildə isə Moskvadakı Jukovski adına Aviasiya Akademiyasına qəbul imtahanlarına ən yüksək bal toplamışdı. Fitri istedad sahibi, dəqiq fənlər bilicisi olan ali məktəb tələbəsi tez bir zamanda akademiya müəllimlərinin diqqətini özünə cəlb etmişdi. Fəqət… Gələcəkdə kosmik uçuşlar üzrə general olacaq tələbə uçuş meydanından didərgin salınmışdı. 1954-cü ilin fevralında Azərbaycan kommunistlərinin iyirminci qurultayında “sapı özümüzdən olan baltaların” səsi Kreml şovinistlərinə çatan kimi Aviasiya Akademiyasına sərəncam göndərilmişdir – tələbə Bağırov akademiyadan kənarlaşdırılsın! Bundan sonra təyyarəçi tələbə aqronomluq ixtisası üzrə ali təhsil almağa göndərilmişdir. 1956-cı ilin aprel ayında Moskva Kənd Təsərrüfatı İnstitutunun dördüncü kurs tələbəsi Cen anası ilə birlikdə Bakıya gətirildi. Xalqımızın düşmənlərinin onun rəhbərinə qurduqları qondarma məhkəmə iclasından sonra ata, ana və oğul beş dəqiqə birlikdə nəfəs aldılar. Ayrılıq məqamında Mir Cəfər Bağırovun ciyərparasına söylədiyi sözlər onun yaddaşına hakim kəsildi: “Sənin atan heç vaxt xalq düşməni olmayıb və ola da bilməzdi. Bizim xalqımız yaxşı xalqdır. Öz xalqınla yaşa “. Qeyd: Mir Cəfər Bağırov 1956-ci ilin 26 mayında xalq düşməni kimi güllələndi…
Atasının ölüm ayağında əyilməzliyi ilə öyünən oğul biçarə anası ilə Moskvaya qayıtdı – Moskvanın İnşaatçılar küçəsindəki iki gözdən ibarət sadə bir mənzilə. Nə divar boyunca qiymətli mebel, nə tavanda büllur çilçıraq. İşıq yazı masasının üstündən saçılırdı – Mir Cəfər Bağırovun fotosundan.
Cen Mir Cəfər oğlu ömrünün sonunadək yuxusuna haram qatsa da, qazancına haram qatmadı. Gecə-gündüz çalışdı. Ona indi həm də atalıq edən bir nurani xilqətin – doğma anasının qayğısını çəkdi. Kəskin sarsıntı keçirmiş ağbirçəyi gözləri üstündə saxladı. Cen, Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasında elmlər namizədi, elmlər doktoru oldu, kafedra müdiri seçildi. Artıq anasının təkidlə etdiyi xahişə əməl etmək vaxtı gəldi: texnika elmləri doktoru olan Cen əczaçılıq elmləri doktoru olan bir xanımla nigah bağladı. 1971 -ci ilin oktyabrında Moskvanın İnşaatçılar küçəsindəki binalardan birində qurulan toy məclisinə Bakıdan gələnlər də vardı: Cenin sədaqətli qohumu Sovet İttifaqı qəhrəmanı, Azərbaycan SSRİ Daxili İşlər Nazirinin birinci müavini general Səlahəddin Kazımov, əfsanəvi futbolçu Ələkbər Məmmədov, Bakıdan Moskvaya gəlmiş Moskava Konservatoriyasının Fortepianoçusu Azərbaycanın xalq artisti Tamilla Mahmudova isə təzə gəlin Valeriya xanımla dostlaşmışdı…
1978-ci ilin aprel ayının 21-də professor Cen Bağırov evə daxil olan kimi güclü bir pəhləvana döndü, anasını qolları üstünə aldı, sonra yerə qoyub alnından, üzündən, gözlərindən öpdü: anacan, doğum evindən şad xəbər gətirmişəm: gəlinin bizə oğul bəxş edib! Yevgeniyanın gözləri sevinc yaşları ilə doldu. Xatirinə Cen dünyaya gələndə atasının necə uşaq kimi sevindiyini, onu bərk-bərk qucaqlayıb öpdüyünü gətirdi. Və birdən oğluna müraciətlə dedi:
– Balaca pəhləvanın adını necə çağıraq?
Cen yazı masasının sol küncündə çilçıraq kimi işıq saçan fotoya baxdı. Elə bil şəkil canlanmışdı:
– Ana, nəvən qoy atamın adını daşısın!
– Lap yaxşı. Ancaq bəlkə Cəfər olsun?
– Yox, ana, mən Cəfər oğlu deyiləm, Mir Cəfər oğluyam. Qeyrətsiz oğullar atasının adını qısaldarlar…
Mənbə: “Ekspres” qəzeti, (04-06 avqust 2007-ci il)
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU