Səməd Vurqunla Aşıq Ələsgərin deyişməsi -FOTO

Tarix
.Səməd Vurğun İstisuda müalicə alırdı. Onun görüşünə gələn orta yaşlı bir aşıq bədahətən “Xoş gəldin” rədifli qoşması ilə şairi salamlayır. Aşığın şi­rin avazı, gözəl səsi şairin ağrı-acısını unutdurur. Qısa tanışlıqdan və söh­bətdən sonra Səməd Vurğun bir neçə dəqiqəyə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə” misrası ilə başlayan şeir yazır və həmin axşam Kəlbəcər mədəniyyət evindəki görüşdə səsləndirir. Beləcə, ölməz şairin diqqəti sayəsində aşığın şöhrət dairəsi daha da genişlənir.
* * * * * *
Səməd Vurğun:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.
Aşıq Şəmşir:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.
Səməd Vurğun:
Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara,
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.
Aşıq Şəmşir:
Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal,
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.
Səməd Vurğun:
O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan,
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.
Aşıq Şəmşir:
Sən kamil sərrafsan, göz ustadısan!
Fəhmin, fərasətin öz ustadısan!
Qabil sənətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.
Səməd Vurğun:
Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.
Aşıq Şəmşir:
Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı,
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.
Səməd Vurğun:
Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
Aşıq Şəmşir:
Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar –
Gəzirəm əlimdə şam-çıraq səni.

2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
M.R

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir