Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir

Mədəniyyət

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti və bir sıra digər mühüm məsələlərlə bağlı rəsmi Bakının mövqeyini növbəti dəfə açıq ifadə etdi: “Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir”. Həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Forumda diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunmasıdır: “Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə deyil, yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Ermənistan hakimiyyəti Azərbaycanın xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çıxarmalı, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır”. Dövlət başçısının forumda toxunduğu vacib məqamlardan biri Azərbaycanın türk dövlətlərinin birliyinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlıdır: “Bildiyiniz kimi, son illər türk dövlətlərinin birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan bu hədəfə çatmaq üçün önəmli təşəbbüslər irəli sürür və ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var. Azərbaycan türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hazırda bu ideya Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, cənab İlham Əliyev bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur. Cənubi Qafqazın lideri olan Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir, həmçinin regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də, dünyada Azərbaycanın dostları artmaqdadır. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində vasitəçilik edir. Bu vasitəçilik isə müsbət nəticələr verir. Hazırda İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində də ölkəmiz vasitəçi ola bilər. Prezident İlham Əliyev beynəlxalq forumda çıxışı zamanı deyib ki, Azərbaycan bu məsələdə yardım etməyə səy göstərir. Nəzərə alaq ki, hər iki ölkə Azərbaycanın dostudur. Ona görə də, dövlətimiz öz dostlarının arasında hansısa gərginliyin olmasını istəmir. Ona görə də, barışdırıcı siyasət həyata keçirir. Azərbaycan hələ 2010-cu ildə İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub: “İnanırıq ki, bu dəfə də belə olacaq. Bu yanaşma Azərbaycanın sülhpərvər, barışdırıcı mövqedə olmasında irəli gəlir. Dövlətimizin başçısı bu mövzu ilə bağlı forumda bildirib: “İlk böhran zamanı biz fəal rol oynadıq ki, onların mövqeyini bir-birinə yaxınlaşdıraq. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Türkiyə ilə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsraillə də qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də tərəflər arasında olan hər hansı anlaşılmazlıq bizi narahat edir”. Təbii ki, dostlarımızın öz aralarındakı problemlərinin həllində Prezident İlham Əliyevin şəxsi nüfuzu, liderlik keyfiyyəti və dostluq münasibətləri mühüm rol oynayır. Bu baxımdan, hesab edirəm ki, dövlətimiz növbəti dəfə bu missiyanı uğurla yerinə yetirəcək.

MUASİRMEDİA.AZ
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir