Cəfər Bağır 1912-ci il 5 mayda Ordubad rayonundakı Dəstə kəndində, yoxsul kəndli ailəsində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, tələbəlik illərindən “Gənc işçi” qəzetində işləmiş, daha sonra bu mətbu orqanda şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. Cəfər Bağır ilk hekayələrini bu dövrdə qələmə almışdır. O, təhsilini başa vurduqdan sonra “Kommunist” qəzetində şöbə müdirinin müavini (1934–1936), “Kirovabad bolşeviki” qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifələrində işləmişdir. 1955-ci ildə Bakıya qayıdaraq bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Cəfər Bağır oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. Bununla yanaşı, görkəmli yazıçı Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində də çalışmışdır. Cəfər Bağır 1973-cü ilin martından fərdi təqaüdə çıxmış və sərbəst yaradıcılıqla məşğul olmuşdur. O, 1983-cü il aprelin 17-də vəfat etmişdir…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTÖĞLU
MƏCİD RƏŞADƏTÖĞLU