Azərbaycan dövlətçilik tarixində və Naxçıvan Muxtar Respublikasının tarixi – taleyində mühüm yeri olan Səkinə Abbas qızı Əliyeva 1925-ci ildə Naxçıvanda fəhlə ailəsində anadan olub.
Atası Abbas kişi ailəsini halal zəhməti ilə dolandırıb. Maddi çətinliklərlə böyüyən Səkinə xanım həyatının sonrakı illərində, ən yüksək vəzifələrdə işlədiyi dövrlərdə belə insanlığını, xeyirxahlığını itirməyib, hər zaman haqqın-ədalətin yanında olub.
Atası Abbas kişi ailəsini halal zəhməti ilə dolandırıb. Maddi çətinliklərlə böyüyən Səkinə xanım həyatının sonrakı illərində, ən yüksək vəzifələrdə işlədiyi dövrlərdə belə insanlığını, xeyirxahlığını itirməyib, hər zaman haqqın-ədalətin yanında olub.
Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Səkinə Əliyeva 1945-ci ildə indiki Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb və Babək rayonunun Qahab kəndində pedaqoji fəaliyyətə başlayıb. O, 1951-ci ildə təhsilini təkmilləşdirmək üçün BDU-nun (o zaman ADU adlanırdı) filologiya fakültəsinə daxil olub. 1945-ci ildən ÜİK (b) P üzv olan Səkinə Əliyeva ali təhsil almaqla yanaşı, paralel olaraq Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat – təşviqat şöbəsində işləyib. Səkinə xanım 1958-ci ildə Naxçıvan MSSR Maarif naziri təyin edilib, 1961-ci ildə isə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi seçilib və 1963-cü ilə qədər bu vəzifədə çalışıb. Görkəmli dövlət xadimi 1963-cü ildən 1990-cı ilin mart ayına kimi Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin əvvəl müavini, sonra sədri işləyib. Dəfələrlə Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib…
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı “SSRİ-ni dağıdan azərbaycanlı qadın. Onun cəsarəti bütün dünyanı heyrətə salmışdı” başlıqlı məqaləsində yazır: “1988-ci ilin son aylarında ölkəmizdə baş verən hadisələr istər mərkəzi, istərsə də Azərbaycan hakimiyyətini çıxılmaz vəziyyətə salmışdı. Mixail Qorbaçovun hakimiyyətə gəlməsi Sovet İttifaqının müxtəlif regionlarında etnik toqquşmalara və separatçı hərəkətlərin baş qaldırmasına səbəb oldu. Daima Azərbaycan torpaqlarında gözü olan ermənilər yalnız Qarabağa deyil, həm də Naxçıvana ərazi iddiaları irəli sürür və bu bölgəni də havadarlarının dəstəyi ilə ələ keçirmək istəyirdilər. Ermənilərin Naxçıvana edilən saysız-hesabsız hücumları ölkədəki gərginliyi daha da artırır. Bu zaman Naxçıvan MSSR Ali Sovetinin rəhbərliyi dəfələrlə Azərbaycan MK və SSRİ rəhbərliyinə teleqramlar vurur, məktub göndərir. Lakin heç birinə müsbət cavab alınmır. 1990-cı ilin ilk günlərində baş verən hadisə Mərkəzə olan bütün ümidləri puç edir. 1990-cı ilin ilk həftəsi Naxçıvanın Kərki kəndinin SSRİ əsgərlərinin yardımı ilə erməni terrorçu qrupları tərəfindən işğal edilməsi imperiyaya qarşı ilk çağırışa səbəb olur. Belə ki, 1990-cı ilin 19 yanvarında Naxçıvan MSSR Ali Soveti fövqəladə sessiyasını çağırır. Çox gərgin müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul edir: “SSRİ-nin əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından, Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir…”
Səkinə xanımın imza atdığı bu tarixi sənəd nəinki Azərbaycanda, hətta bütün ittifaq məkanında, sözün əsl mənasında, şok effekti yaratmışdı. Müzakirə edilmədən, heç bir redaktə işi aparılmadan qəbul edilən bu qərarla Səkinə xanım Naxçıvanı işğal təhlükəsindən xilas edə bilmiş və o zamana qədər gözü muxtar respublikanı görməyən rəhbərliyin nəzərlərini az da olsa Naxçıvana yönəltməyə nail olmuşdu. Bu gün bəzi tarixçilər, tədqiqatçılar iddia edir ki, Səkinə xanım Naxçıvan Muxtar Sovet Sosial Respublikasını ittifaqdan ayırmaqla, əslində, Naxçıvanı Azərbaycandan ayırmışdı. Çünki o zaman Azərbaycan SSR ittifaqın tərkibində idi. Və muxtar respublikanı ittifaqdan ayırmaq onu Azərbaycandan ayırmaq sayılırdı. Lakin mən belə hesab edirəm ki, Səkinə Əliyeva SSRİ-nin dayaqlarının kökündən sarsıldığını və artıq məhv olmağa doğru getdiyini qabaqcadan hiss etmişdi. Buna görə də belə bir qərarı qəbul etməyin gələcəkdə Naxçıvana heç bir siyasi təhdid yarada bilməyəcəyini anlamış və elə bu düşüncə ilə də qərara qol çəkmişdi. Başqa bir tərəfdən Səkinə xanımın bu addımı atmaqdan, Naxçıvanı ittifaqdan ayırmaqdan başqa çıxış yolu yox idi. Çünki Azərbaycanda, xüsusən də paytaxt Bakıda baş verən hərc-mərclik, siyasi boşluq, anarxiya ölkənin bütün ərazilərinə yayılmış, bu fürsət, təbii olaraq erməni daşnaklarının fəallaşmasına gətirib çıxarmışdı. Bununla belə, Azərbaycan SSR-nin I katibi Əbdürrəhman Vəzirov və SSRİ-nin yüksək vəzifəli şəxslərinin Naxçıvana səfərindən sonra da yaxşıya doğru heç nə düzəlməmişdi. Nəticədə 1990-cı ildə Naxçıvanın Kərki kəndinin SSRİ əsgərlərinin yardımı ilə erməni terrorçu qrupları tərəfindən işğalından sonra Səkinə Əliyeva tərəfindən Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması qərara alınmışdı. Bu qərarın qəbulu heç də asan həll olunan, bir imza ilə başa çatan kiçik bir məsələ deyildi. Mövcud siyasi şəraitdə muxtar vilayəti ittifaqdan ayrımaq böyük güc və əqidə bütünlüyü tələb edirdi. Səkinə xanım bunu bacarmışdı. Təsadüfi deyildi ki, onun bu addımı dünya mətbuatının da əsas gündəminə çevrilmişdi və dövrünün ən oxunaqlı, operativ mətbu orqanları bu barədə silsilə yazılar, xəbərlər, maraqlı informasiyalar çap etdirmişdi. Hətta Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının qərarı ingilis dilli mətbuatda işıq üzü görmüş, bu mətbu orqan Səkinə Əliyeva haqqında məqalə dərc etdirmiş və yazının sərlövhəsini bu cür vermişdi: “SSRİ-ni dağıdan qadın – Səkinə Əliyeva”.
Azərbaycan dövlətçilik tarixində, Naxçıvan Muxtar Respublikasının tarixi-taleyində mühüm xidmətləri olan Səkinə Əliyevanı sayğı və ehtiramla yad edirəm!

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU