Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, unudulmaz jurnalist, şair Alı Mustafayevin doğum günüdür.
Alı Mustafa oğlu Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbində təhsil həyatına qədəm qoyub, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1973-cü ildə əsgəri xidmətini başa vurub. Alı Mustafayev gənc yaşından həyatın çətinliklərinə atılıb. O, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlayıb. Zavodda işlədiyi müddətdə “Elektrik” qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edib.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurur və Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “ilin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. İşləyə – işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist kimi həmkarları arasında böyük hörmət və sevgi qazanır. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən başlayaraq cəbhə bölgələrindən, ölkənin qaynar nöqtələrdən reportajlar hazırlayır. Onun auditoriyaya təqdim etdiyi materiallar qısa zaman ərzində böyük oxucu və tamaşaçı sevgisi qazanır. Hətta bir neçə dəfə ölümlə üz-üzə qalsa da, yaşamaq haqqı qəlbində daşıdığı peşə sevgisinin önünə keçə bilmir. Haqqında qələmə alınmış məqalələrdən oxuyuruq ki, o, biir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinməyib, bir sözlə, Alı Mustafayev neçə dəfə ölümdən qayıdıb. Ancaq qələmi əlindən buraxmayıb, sevib-seçdiyi bu peşədən – jurnalistikadan ayrılmayıb.
20 noyabr 1991-ci il… Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vurulur. Nəticədə 23 nəfər say-seçmə şəxsiyyət, Azərbaycan xalqının işıqlı insanları, ziya sahibləri faciəli surətdə həlak olur. Alı Mustafayev də onların arasında idi…
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Respublikanın Əməkdar jurnalisti” fəxri adına da layiq görülüb. Həmçinin Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır. Rəhmətlə anırıq…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU