İNTAHAR EDƏN ƏSGƏR-Ceyhun Hüseynov

Kriminal
Xidmət zamanı itkin düşən, iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intihar etdiyi məlum olub.
 Tİbbi ekspertlərin rəyində Ceyhunun özünü xidməti silahı ilə öldürdüyü yazılıb. Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunur ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.
Mərhum əsgərin mühakimə edilən komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.
Onlara verilmiş ittihamda yazır ki, hadisə baş verməzdən əvvəlki günlərdə əsgərin psixoloji vəziyyəti normal olmayıb. Əvvəlki həkim rəyləri də bunu təsdiq edib. Lakin komandir yenə də onu düşmən mövqeyinə posta göndərib, tibb xidməti rəisi də Ceyhunun psixi vəziyyəti ilə bağlı hər hansı məruzə etməyib. Bu hərəkətləri ilə onlar vəzifə səlahiyyətlərini aşıblar.
Məhkəmənin hökmü ilə ittiham əsaslı hesab edilib. Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
Xatırladaq ki, Ceyhunun əmisi Hüseynov Ceyhun Tahir oğlu Birinci Qarabağ müharibəsində, 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Əmisinin xatirəsini yaşatmaq üçün Ceyhuna onun adını vermişdilər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir