7-ci bölüm SARSINTI

Mədəniyyət
7-ci bölüm
SARSINTI
Payızın günəşli günlərindən biri idi. Xəfif külək əsir, saralmış yarpaqlar hündür ağaclardan süzə-süzə yerə düşürdü. Kənd xüsusu gözəlliyə bürünmüşdü. Bağlarda yetisməkdə olan sapsarı limon, narıngilər kollara xüsusi bəzək verir, insanın qəlbini oxşayırdı.
Kəndin orta yaşlı qadınları xurmadan doşab bişirir, odun ocağında qaynayan doşabın ətirli iyi kəndə yayılırdı. Bu gün kənddə Musa kişinin qızının toyu idi. Kəndin həyət toyları mağarda keçirilirdi. Toy-da qulluq etmək üçün kənd cavanları dəvət olunurdu. Heç kim heç kimə minnətlə kömək etmirdi. Gündüzlər yemək mərasimi, axşamlar isə mağarda çalıb oynamaq üçün mağara yığışırdılar. Qızbəs xala da qonşu qadınları ilə deyib gülə-gülə toya getmişdi. Onları da başqa toya gələnlər kimi yemək üçün qurulan çadıra dəvət edib əyləşdirdilər. Qızbəs xalanın gözləri Xeybər kişinin yoldaşı Töhvəyə sa-taşanda birdən üzü tutuldu. Bu arada qadınlardan biri ağzını Qızbəsin qulağına yaxınlaşdıraraq soruşdu:
-A Qızbəs bacı, Vəlidən nə xəbər? İnstituta girə bildimi uşaq? Maşallah, çox savadlı uşaq idi. Bütün kəndin onda gözü var idi.
Qızbəs xalanın rəngi tutuldu, gözləri yaşardı:
-Yox, ay bacı, yox. Mənim gül kimi balamı məhv etdilər. Nə bilim hansısa bir başdan xarab, cinli, dəliyə görə uşağımın əqidəsi dönüb, imtahanda ürəyi gedib. Iki saata onu güclə ayıldıblar.
-Cinli, başdan xarab kimdir, a Qızbəs bacı?
Qızbəs ağzını onu danışdıran qadının qulağına tutdu.
-Aaaaa. A Qızbəs bacı, doğrudan? O dediyin dəlidir ki? Vaay, gül kimi qızdır. Hayıf, hayıf ondan.
Bunları eşidən Töhvə arvadın ağzı açıldı:
-Ay qız, dəli sənsən, sənin qızlarındır. Sən kimsən mənim gül kimi uşağıma ad qoyursan? Mənim min itim olsa belə birini sənin qapına vermərəm, utanmırsan?
-Mən niyə utanım? Sən utan, bax sənə burda camaatın içində de-yirəm. Get öz matişkənin qabağını tut. Bir də oğlumun adını çəkməsin. Mənim gül kimi balamı evimdən didərgin saldı o ləçər. Onu görüm ər üzünə həsrət qalsın.
-Belə həsrət qalsın sənin qızların, sənin nəslin.
Ara qarışmışdı. Qadınlar bu iki hikkəli qadını zor-bəla ilə sakitləşdirdilər.Töhvə arvad yeməyini yeməyib ağlaya-ağlaya çadırdan çıxıb evinə yollandı. Evə çatan kimi onu əsməcə tutdu. Doyunca hönkürtü ilə ağlayıb ürəyini boşaldandan sonra qızı Tahirəni çağırdı:
-Bax, sənə deyirəm, o sünnü küçüyünün adını bir də tutmayacaqsan. Bildin? Elə bu gün Əhədullagilə xəbər göndərərəm, gəlib nişanı taxsınlar. Əgər bir balaca ağız-burnunu büzüşdürsən qardaşlarına da, atana da deyərəm. Səni it gününə qoyduracağam. O küçüyü də qardaşlarına tapşıraram, qoy əzişdirsinlər onu, bildin, qız?
-Ana, sənə qurban olum, axı nə olub? Axı mən Vəlini sevirəm, o da məni sevir. Nə olar, ana, bizi ayırmayın.
-Qız, sən hələ həya etmədin? Dediyin Vəli Bakıda narkomanlara qoşulub, evinə də gəlmir daha. Toyda da danışırdılar ki, Bakıda onu nəşə çəkən yerdə görüblər. Ondan Qalib kişiyə daha oğul çıxmayacaq. Ağlını başına yığ.
Tahirə eşitdiklərinə inana bilmirdi. Yoox, bu ola bilməzdi. Heç zaman ola bilməzdi ki, onun tanıdığı, onun sevdiyi Vəli narkomanlara qoşulsun. Ola bilməzdi ki, o, nəşə çəksin. Yoox, bu ola bilməzdi. Tahirə Vəliyə həyatından artıq inanır, onun qəlbinin incəliklərinə bələd idi. Otağına keçib kağız, qələmi götürdü. Göz yaşları içində Vəliyə məktub yazdı.
“Vəli sənə qurban olum. Məni nişanlayırlar, getmək istəmirəm. Məni zorla verirlər. Hər addımda məni gözləyirlər ki, özümü öldürməyim. Vəli, tez qayıt. Gəl məni qaçırt, Vəli. Məni qurtar bunların əlindən. Sənə qurban olum, Vəli, tez gəl.”
Tahirə kağızı yazıb səliqə ilə qatladı. Amma fikir onu götürmüşdü. Bu məktubu Bakıya kiminlə göndərsin? Axı bura kənddir. Kimə inana, kimə yalvara bilərdi? Lap elə deyək ki, kimisə tapdı. Vəli axı Bakıda idi. Həmin şəxs Bakıya gedəcəkdimi? Gedib Vəlini tapacaqdımı? Yoox, inanmıram, yoox. Bu ola bilməz, İlahi, bəs nə edim, axı necə məktubu yola salım?
Birdən ağlına gələn fikir ani olaraq onun gözlərində ümid şamını yandırdı. Tahirə hövlnak anasını çağırdı. Anası qızının səsinə döndü:
-Nədir, Tahirə, nə olub sənə?
-Ana, qızlarla kənddə dükana gedirəm. Paltarlıq təzə parçalar gəlib deyirlər.
-Həə, nə olar, get qızım.
Anası gedib evdən pul gətirib qızına verəndə onun gözlərində ümid parıltısını görüb sevindi:
-“Şükür Allaha, nişanlanacağına sevinir. Bəlkə o, sünni küçük bundan əl çəkə”.
Tahirə isə beynində tutduqlarını götür-qoy edirdi. Paltarlarını tez dəyişib qonşu qızı Südabəni çağırdı.
-Südabə, mağazaya təzə parçalar gəlib deyirlər. Nə olar gedək, baxaq da.
Südabə azca ona diqqətlə baxıb dedi.
-Tahirə, sənə nə olub? Sanki harasa tələsirsən, kimdənsə qaçırsan. Düzünü de, nə olub?
-Heç nə, ay Südabə, qurban olum, bacım gedək də. Südabə heç nə anlamasa da: “yaxşı, qoy paltarlarımı dəyişim”,- deyib içəri keçdi.
Kənddəki iri mağaza onların evindən təxminən üç yüz metr aralıda yerləşirdi. Tahirə ilə Südabə yol boyu danışadanışa nə vaxt mağazaya çatdıqlarını belə hiss etmədilər. Mağazanın yanında kəndin poç-tu yerləşirdi. Tahirə bir anlığa ayaq saxladı:
-Südabə, mən poçta dəyim, anamın pensiyasını alacağaım. Sən dükana gir, gəlirəm.
Özü isə əsə-əsə poçta daxil oldu. Poçt müdiri Süleyman kişi nə isə yazırdı. Tahirə salam verdi:
-Buyur, qızım, nə lazımdır?
-Dayı, qardaşım mənə məktub verdi. Onu təcili Bakıya göndərmək lazımdır.
-Qızım, məktub hanı?
Tahirə məktubu çıxartdı:
-Zərfə qoymaq lazımdır, dayı.
Süleyman kişi məktubu zərfə qoyub dili ilə zərfin ağzındakı yapışqanı isladıb yapışdırdı.
-Hə, ünvanı de, qızım.
-Ünvan?
Sanki bədənindən cərəyan keçdi. Axı o,Vəlinin ünvanını bilmirdi.
-Ünvanı bilmirəm, dayı. Qardaşım dedi ki, məktubu Bakıda oxuyan Vəliyə göndərmək lazımdır.
-Vəli? Qalibin oğlu?
-Bəli, bəli.
-Hə, o, Bakıda peşə məktəbində oxuyur. Dayan görüm yadıma salım. Hə, bir nömrəli peşə məktəbi olmalıdır, aha dəqiq yadıma düşdü, elə oradır.Yaxşı, elə ora göndərim, məktəbinə?
-Hə, hə, dayı, ora göndər.
Süleyman kişi məktubu möhürləyib ünvanı yazdı.
-Qızım, göndəriş haqqı qırx qəpikdir-dedi.
Tahirə bir manatı verib pulun artığını alıb poçtdan çıxaraq dərhal mağazaya girdi.
-Nə oldu, ananın pensiya pulunu aldınmı?
-Yox, ay Südabə, pul gəlməyib hələ-dedi.
Tahirənin qəlbində bir qorxu hissi ilə yanaşı bir rahatlıq hissi bir-birinə qatılmışdı.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir