XX əsrin əvvəlləri-Bala bəy Aşurbəyov vı xanımı

Baş səhifə
Bala bəy Aşurbəyov və həyat yoldaşı İsmət xanım. XX əsrin əvvəlləri.
Bala bəy Azərbaycanın məşhur Aşurbəylilər nəslinin nümayəndəsi idi. O, tanınmış neft milyonçusu, Teymur bəy Aşurbəyovun oğlu və məşhur tarixçi Sara Aşurbəylinin atası olub. Həyat yoldaşı İsmət xanım da dövrünün ali təhsilli qadınlarından biri idi. O, ziyalı bir ailədə doğulub boya-başa çatmışdı. Həyat yoldaşı Bala bəylə Tiflisdə tanış olmuşdu. İsmət xanımın atası tanınmış xalça, daş-qaş və əntiq əşya taciri idi. Onların nikahı əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda bir neçə günü əhatə edən toy ilə qeyd edilmişdi. Atası Teymur bəy 1904-cü ildə toy hədiyyəsi olaraq inqilabdan əvvəlki Bakının memarlıq incilərindən sayılan üçmərtəbəli mülkünü onlara bağışlamışdı. Bu bina ovaxtkı Şəhər Dumasının, indi isə Bakı meriyası binasının müəllifi olan İosif Qoslavskinin sonuncu işi idi. Aşurbəyovların mülkü Praçeçnaya küçəsində, indiki Qoqol–28 ünvanında yerləşirdi. Yazılanlara görə, binanın birinci mərtəbəsində “Aşurbəyov qardaşları və Ko” neft şirkətinin ofisi, həmçinin gürcü knyaginyası Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədəki 11 otaq və böyük zalda Bala bəy ailəsi ilə, üçüncü mərtəbədə isə valideynləri və böyük qardaşı Əli bəy yaşayırdı. Aşurbəyov qardaşları uğurlu biznesmenə çevrilmişdilər, onların yaratdığı “Əli bəy və Bala bəy Aşurbəyov qardaşları” şirkəti isə Bakının ən inkişaf etmiş neft şirkətlərindən biri idi. Şirkətin mədənləri Sabunçu və Zabrat kəndləri yaxınlığında yerləşirdi. Uzun illər Aşurbəyov mədənlərinin müdiri işləmiş dağ mühəndisi Lann sonralar Estoniyanın mədənçıxarma sənayesi naziri olmuşdur.
Bala bəyin İsmət xanım ilə evliliyindən dünyaya gələn Sara Aşurbəyli sonradan Azərbaycanın məşhur tarixçilərindən birinə çevrildi. O, fəaliyyəti dövründə bir çox elmi mükafatlarla təltif edilmişdir. Sara Aşurbəyli haqqında da mütləq paylaşım edəcəyəm…

2 kişi görseli olabilir
MM.AZ
MƏCİD RƏŞADƏTOĞLU
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir